"Təmiz Şəhər" ASC AzMİU tələbələrinə tullantı poliqonlarının işini öyrədir

"Təmiz Şəhər" ASC AzMİU tələbələrinə tullantı poliqonlarının işini öyrədir Xüsusi mühazirələr tərəflər arasında bağlanmış əməkdaşlıq memorandumu əsasında təşkil olunur
Ekologiya
26 Aprel , 2016 12:12
Təmiz Şəhər ASC AzMİU tələbələrinə tullantı poliqonlarının işini öyrədir

Bakı. 26 aprel. REPORT.AZ/ Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) "Təmiz Şəhər" Mərkəzində tullantı idarəçiliyi ilə bağlı üçüncü mühazirə keçirilib. Mərkəzdən "Report"a verilən məlumata görə, "Bərk məişət tullantıları poliqonlarında işin təşkili" mövzusunda "Təmiz Şəhər" ASC-nin nümayəndəsi təqdimatla çıxış edib.

Tələbələrə Balaxanı Şəhər Tullantılarının Zərərsizləşdirilməsi Poliqonunun nümunəsində dünyadakı bu tip poliqonların iş prinsipləri barədə məlumat verilib. Gənclər şəhərdən toplanmış və təkrar emala yararsız olan məişət tullantılarının bu tip poliqonlarda necə basdırılaraq zərərsizləşdirildiyini öyrəniblər.

Həmçinin, Balaxanı poliqonunda son illərdə aparılan yenidən qurma işləri haqqında danışan ASC əməkdaşı buranın artıq Avropa standartlarına tam uyğunlaşdırılmış bir sanitar poliqon kimi fəaliyyət göstərdiyinə diqqət yönəldərək bildirib ki, Bakıdan yığılan tullantılar basdırılaraq zərərsizləşdirilməsi üçün burada qazılan, izolyasiya edilən 2 böyük hücrəyə qəbul edilir. Hücrələrdəki tullantı suyu drenaj vasitəsilə toplanılır və təmizləndikdən sonra suvarma və texniki su kimi istifadə edilməsi nəzərdə tutulub. Hücrələr dolduqda onların üzəri xüsusi örtüklərlə bağlanacaq və üstünə münbit torpaq qatı səriləcək. Bununla poliqon həm yaşıllığı ilə ərazinin ekologiyasına müsbət təsir göstərəcək, həm də ərazidə gözəl mənzərə yaranacaq. Bu hücrələrin sayının 19-a çatdırılması planlaşdırılır.

Tullantıların zərərsizləşdirilməsi prosesində isə bioqazın tutulması atmosferə atılan istilik effekti yaradan qazların azalmasına səbəb olacaq. Həmçinin, bioqaz ərazidə quraşdırılacaq stansiyada emal ediləcək və alternativ enerji kimi elektrik və ya istilik enerjisi istehsal olunacaq.

Bu mühazirə uyğun ixtisaslarda təhsil alan tələbələr üçün çox faydalı oldu, onlar gələcəkdə çalışacaqları sahə ilə bağlı geniş məlumat əldə etdiklərini bildiriblər.

"Təmiz Şəhər" ASC-nin AzMİU-da keçirdiyi bu cür xüsusi mühazirələr tərəflər arasında bağlanmış əməkdaşlıq memorandumu əsasında təşkil olunur. Razılaşmaya əsasən, səhmdar cəmiyyət universitetdə tullantıların idarə olunması ixtisasının öyrədilməsinə dəstək məqsədi ilə burada “Təmiz Şəhər” Mərkəzi yaradaraq buranı lazımi texnika və avadanlıqlarla təmin edib. Mütəmadi olaraq təhsil müəssisəsində mühazirələr təşkil edərək tələbələrin bu sahədə biliklərinin artırılmasına xidmət edir.

Son xəbərlər

Orphus sistemi