TDT din və ekologiya arasında qarşılıqlı fəaliyyəti təmin edəcək yeni platformanın yaradılması üzərində işləməyi planlaşdırır.
"Report" xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (OTT) layihə direktoru Ersin Aydoğan Dini Liderlərin Qlobal Sammitinin ikinci günündə keçirilən panel müzakirəsində deyib.
O vurğulayıb ki, TDT-nin iştirakçı ölkələri 35 müxtəlif istiqamət üzrə güclü əməkdaşlıq qurub: “Üç il əvvəl Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə biz dini sahədə birgə iş aparmağa başladıq. TDT-nin Müsəlman Dini Əməkdaşlıq Şurası yaradılandan bəri biz dini qurumların rəhbərləri ilə beş müxtəlif görüş təşkil etmişik”.
E.Aydoğanın sözlərinə görə, təşkilata üzv ölkələr əməkdaşlığın yeni sahəsini - iqlimi müəyyən ediblər: "Bu ay TDT ölkələrinin ekologiya nazirləri ilk dəfə toplaşacaq".
"Bu forumdan ilham alaraq, dini və ekoloji mövzuları birləşdirməyə imkan verəcək yeni platformanın yaradılması üzərində işləyəcəyik”, - o yekunlaşdırıb.