“Son yağışlılıq ölkə ərazisindəki potensial sürüşmə sahələrində nisbətən aktivləşmə hallarına səbəb olub”.
Bunu “Report”a açıqlamasında Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev deyib.
Onun sözlərinə görə, sürüşmə atmosfer çöküntülərinin həcminin artması ilə əlaqədardır:
“Oğuzda sürüşmə hadisəsi baş verib. Sürüşmənin uzunluğu 60, eni isə 30 metrdir və yaşayış evinə yaxın məsafədədir. Artıq demək olar ki, evə çatıb. Mütəxəssislərimiz artıq ərazidədir. Tam araşdırıldıqdan sonra konkret məlumat vermək imkanımız olacaq. Cənub bölgəsindən Lerik rayonu ərazisində, xüsusən Veri Əliabad və Lərmərud kəndlərində aktivləşmə halları müşahidə olunur. Artıq mütəxəssislərimiz həmin bölgədə də monitorinqləri icra edir. Həmçinin, Lənkəran-Lerik avtomobil yolunun potensial sürüşmə sahələrində aktivləşmə müşahidə olunur. Onsuz da həmin ərazilər potensial sürüşmə zonalarıdır. Yağışların artması isə prosesi bir az da sürətləndirib. Abşeron yarımadasında mövcud altı sürüşmə sahəsində daimi monitorinqlər aparılır”.
Sədr bildirib ki, bu gün Nübar massivi və Masazırda zəif aktivləşmə var:
“Hələlik isə ciddi bir proses izlənilmir və ərazilərdə davamlı monitorinqlər həyata keçirilir”.