Yuxarı

Samuxda "Ekologiyamızı qoruyaq!" adlı silsilə tədbirlərə start verilib

Tədbirlər 2 ay müddətində davam edərək, Samuxla yanaşı, Şəmkir və Göygöl rayonlarını da əhatə edəcək

Bakı. 22 aprel. REPORT.AZ/ Gənclər üçün Təhsil Mərkəzinin Gəncə Regional Ofisi "22 Aprel-Yer Kürəsi Günü" münasibətilə Samux rayonunda "Ekologiyamızı qoruyaq!" adlı silsilə tədbirlərə start verib. Mərkəzdən "Report"a bildirilib ki, yeniyetmə və gəncləri əhatə edən tədbirlərin əsas məqsədi ekoloji mühitin sağlamlaşdırılmasına töhfə vermək, gənclər arasında ekoloji mədəniyyəti və təbiətə qayğı hissini daha da yüksəltmək, habelə ictimaiyyətin diqqətini ekoloji tarazlığın qorunmasına yönəltməkdir.

Tədbirlərdə ilk növbədə məişət tullantılarından hazırlanan əl işləri sərgilənib, ekoloji mədəniyyətə həsr olunan animasiya filmləri nümayiş etdirilib. Daha sonra interaktiv təlim proqramı və rollu oyunlar keçirilib.

Ofisin rəhbəri Aygün Həsənzadə bildirib ki, "Ekologiyamızı qoruyaq!" şüuarı ilə başlanan bu tədbirlər 2 ay müddətində davam edərək, Samuxla yanaşı, Şəmkir və Göygöl rayonlarını da əhatə edəcək.

Qeyd edək ki, "Yer Kürəsi Günü" ilk dəfə 1970-ci ildə qeyd olunub. Belə ki, 20 milyona yaxın insan ətraf mühitin qorunmasına diqqəti artırmaq üçün müxtəlif tədbirlər təşkil edərək öz fikirlərini ifadə edib. 2009-cu ildə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən qəbul olunan qətnaməyə əsasən, beynəlxalq "Yer Kürəsi Günü" hər il 22 aprel tarixində qeyd olunur. 192 ölkədə qeyd olunan "Yer Kürəsi Günü" hər il dünyanın müxtəlif ölkələrində yaşayan 1 milyarda yaxın insanı birləşdirir. "Yer Kürəsi Günü"nü koordinasiya edən "Earth Day Network" hazırda 22 minə yaxın təşkilatla əməkdaşlıq edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi