Qubadlıda 750-yə yaxın ağac əkilib

Qubadlıda 750-yə yaxın ağac əkilib "Burada Şərq çinarı, palıd, tut ağacı əkildi"
Ekologiya
109
13 Aprel , 2021 18:14
Qubadlıda 750-yə yaxın ağac əkilib

IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Ümumrespublika Yaşıllaşdırma Marafonu (“Yaşıl Marafon”) çərçivəsində jurnalistlərin iştirakı ilə işğaldan azad olunan Cəbrayıl və Qubadlı rayonlarında növbəti ağacəkmə aksiyası keçirilib.

“Report”un Cəbrayıl və Qubadlıya ezam olunan əməkdaşının verdiyi xəbərə görə, Qubadlıda 750-yə yaxın ağac əkilib.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev jurnalistlərə açıqlamasında bildirib ki, bu ərazilər 30 il ərzində azərbaycanlılar üçün əlçatmaz olub: "Məqsədimiz ondan ibarətdir ki, bu barbarların, vəhşilərin törətdikləri ekoloji terroru sizlər öz gözlərinizlə görəsiniz və dünyaya çatdırasınız".

Onun sözlərinə görə, Qubadlı ərazisində 1970-ci illərin sonlarında böyük tut plantasiyaları olub: "Bu diyar ölkəmizdə ipəkçiliyin, baramaçılığın inkişafı ilə bağlı münbit zəmin olan diyardır. İl ərzində burada 100 tona yaxın barama istehsal olunurdu. Burada Şərq çinarı, palıd, tut ağacı əkildi".

F.Əliyev ermənilərin törətdikləri vandalıqla bağlı beynəlxalq qurumlara da səslənib.

Xatırladaq ki, IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən layihənin məqsədi yaşıllıq sahələrini artırmaq, ağac əkilməsini təşviq edərək ətraf mühitin mühafizəsinə, o cümlədən ölkəmizin flora biomüxtəlifliyinin artırılmasına, yaşıllıqların qorunması ilə bağlı maarifləndirməyə töhfə verməkdir.

Yaz və payız ağacəkmə mövsümlərində ölkə üzrə 1 milyona yaxın ağac əkilməsini hədəfləyən layihə tərəfdaşları hər kəsi bu faydalı təşəbbüsə dəstək olmağa və təbiətimizin yaşıl gələcəyi naminə birləşməyə çağırır.

Ağacəkmə kampaniyasından sonra mediatur başa çatıb.

Son xəbərlər

Orphus sistemi