Qubada “Qlobal İqlim Dəyişikliklərinin Təsirlərinin Azaldılması və Uyğunlaşdırılması vasitəsilə Davamlı Kənd Təsərrüfatı İstehsalının Təmin Edilməsi” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib.
“Report”un Şimal bürosu xəbər verir ki, konfrans Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutu və “Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu” publik hüquqi şəxsin birgə təşkilatçılığı ilə baş tutub.
Konfransda Azərbaycan, Türkiyə, Ukrayna, Xorvatiya, Rusiya və Belarusdan müvafiq sahələrdə elmi fəaliyyət göstərən alim və mütəxəssislər iştirak ediblər.
Elmi tədbirin əsas məqsədi maraqlı tərəfləri bir araya toplayaraq iqlim dəyişikliklərinin kənd təsərrüfatının meyvəçilik və tərəvəzçilik sahələrinə olan mənfi təsirlərinin azaldılması, mövcud vəziyyətə uyğunlaşma yollarının araşdırılması istiqamətində bilik və təcrübə mübadiləsindən ibarət olub.
Bundan başqa, təşkilatçı qurumlarla müxtəlif ölkələrin kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən müvafiq müəssisələr arasında əməkdaşlığın qurulması, mövcud əlaqələrin daha da gücləndirilməsi, birgə həyata keçirilə biləcək elmi tədqiqat layihələrinin müzakirəsi də konfransın məqsədləri sırasında qeyd edilib.