Azərbaycan Respublikasının Birinci vitse-prezidenti
“Report”un Şimal-qərb bürosunun məlumatına görə, bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü Qax rayon sakinləri tərəfindən də maraqla qarşılanıb.
Aksiyada Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev, rayonun bütün idarə, müəssisə, təşkilatlarının kollektivləri, ictimaiyyətin nümayəndələri və gənclər iştirak ediblər.
Aksiya çərçivəsində rayonun bütün yaşayış məntəqələrində, şəhərin küçə və prospektlərində, kənd yollarında və rayonlararası yolların kənarlarında, ümumilikdə, 20 mindən çox müxtəlif növ ağac tingləri əkilib.
Qeyd edək ki, bu gün Azərbaycanda ağacəkmə kampaniyasına start verilib. Ağacların əkiləcəyi ərazilərin xəritəsi hazırlanıb. Xəritə Naxçıvan Muxtar Respublikası da daxil olmaqla Azərbaycanın bütün regionlarını əhatə edir. Ağacların böyük hissəsi magistral yolların kənarında əkilir. Ən çox bar verən nektar ağaclarının əkilməsinə üstünlük verilir. Ölkədə, ümumilikdə, 650 min ağac əkiləcək.
Xatırladaq ki, ağacəkmə aksiyasında məqsəd dahi şair İmadəddin Nəsiminin dünya əhəmiyyətli poeziyasının beynəlxalq aləmdə təbliği, xatirəsinin əbədiləşdirilməsi, Azərbaycanın ədəbi və mədəni irsinin tanıdılmasıdır.