Bakı. 15 oktyabr. REPORT.AZ/ Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin əməkdaşları Biləsuvar rayonunun “Platina” adlanan ərazisində icazəsiz ova cəhd edən şəxsləri saxlayıblar.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, onlardan 3 ov tüfəngi götürülüb.
Araşdırma zamanı brakonyerlərin Yevlax şəhər sakini Fazil Talıbov, Bərdə rayon sakini Qəzənfər Abdullayev və Cəbrayıl rayon sakini Söhrab Balakişiyev olduğu məlum olub.
Faktla bağlı təqsirkarlar barəsində akt, protokol tərtib olunub və inzibati qaydada hər biri 1000 manat məbləğində cərimə edilib.
Xaçmaz rayonunun Xəzər dənizinin sahil zolağında isə adı “Qırmızı kitab”a düşmüş Şahin quşunu ovlamağa cəhd edən brakonyer saxlanılıb. Ondan Şahin quşunun tutulması üçün istifadə edilən ov alətləri və 2 göyərçin götürülüb.
Araşdırma zamanı brakonyerin Bakı şəhər sakini Yaqub Qurbanov olduğu müəyyən edilib.
Faktla bağlı Y.Qurbanova inzibati qaydada 1000 manat məbləğində cərimə tətbiq olunub.