Yuxarı

Qanunsuz ov edənlərin hər biri 1000 manat cərimələnib

Respublika ərazisində qanunsuz ov hallarının qarşısını almaq məqsədilə reydlər davam etdirilir

Bakı. 9 yanvar. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumlarının əməkdaşları tərəfindən “Ovçuluq haqqında” qanununun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədilə respublika ərazisində növbəti reydlər keçirilib. "Report" xəbər verir ki, bu barədə nazirliyin yaydığı məlumatda bildirilir.

Qaradağ rayonu ərazisində keçirilən reyd zamanı Bakı-Ələt yolunun 29-cu kilometrliyində ov edən Bakı şəhər sakinləri İbrahim Rəsulov, Sabir Nəcəfov və Fazil Məmmədov saxlanılıb. Onlardan 3 ov tüfəngi, 10 patron götürülərək qanun pozucuları barəsində qanunamüvafiq qaydada akt və protokol tərtib edilib və təqsirkar şəxslərin hər biri 1000 manat məbləğində cərimə olunub.

Binəqədi rayonu ərazisində keçirilən reyd zamanı gölün qırağında ov edən Bakı şəhər sakini Seyfəddin Xəlilov saxlanılaraq ondan 1 ov tüfəngi, 2 patron götürülüb. Faktla bağlı akt və protokol tərtib olunaraq, qanun pozucusu 1000 manat məbləğində cərimə edilib.

Şabran rayonu, Xəzər dənizi sahilində keçirilən reyd zamanı ovla məşğul olan Şabran şəhər sakini Azad Məmmədov saxlanılaraq ondan 1 ov tüfəngi, 2 patron götürülüb. Qanun pozucusu barəsində akt və protokol tərtib edilərək 1000 manat məbləğində cərimə olunub.

Yevlax rayon Xanabad kəndi ərazisində keçirilən reyd zamanı ov edən 3 naməlum şəxs saxlanılaraq onlardan 3 ov tüfəngi, 3 patron və 2 ördək götürülərək faktla bağlı qanuna müvafiq qaydada akt tərtib olunub. Sənəd təqdim etməyən qanun pozucularının şəxsiyyətlərinin müəyyən edilməsi və barələrində qanunvericiliyə uyğun tədbir görülməsi üçün aidiyyəti Rayon Polis Şöbəsinə müraciət edilib.

Respublika ərazisində qanunsuz ov hallarının qarşısını almaq məqsədilə reydlər davam etdirilir.           

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi