Yuxarı
    Bağlamaq

    Oğuzda uşaq bağçasına hücum edən ayı öldürülüb

    ETSN rəsmisi: Ayını vuran şəxs barəsində hər hansı bir cəza tədbiri görülməyəcək

    Bakı. 26 may. REPORT.AZ/ "Bu gün saat 16:00 radələrində Oğuz rayonunun Xalxal kəndinə 4 yaşında qonur ayı daxil olub. Kənd camaatı səs-küylə ayını meşəyə geri qaytarmaq istəsə də, onlar bu istəklərinə nail ola bilməyib". Bu barədə "Report"a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf mühitin mühafizəsi departamentinin sektor müdiri Raqub Mirzəyev məlumat verib.

    Onun sözlərinə görə, ayı sakinlərə hücum edərək kəndin içərisinə girib: "Bu zaman ayı 1 inəyi cırmaqlayıb və ərazidə olan "Mercedes" markalı avtomobilin kapotunu dağıdıb. Daha sonra həmin kənddə olan uşaq bağçasının həyətinə daxil olub. Bu zaman bağçanın yanında yaşayan Hafiz Adil oğlu Şükürov ayını silahla vuraraq öldürüb".

    Sektor müdiri deyib ki, hazırda rayon icra hakimiyyətinin, Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Xidmətinin nümayəndələri, eləcə də aidiyyəti üzrə şəxslər hadisə yerindədirlər: "Əməkdaşlarımız ayıdan lazımi nümunəni götürərək analiz edəcəklər. Buna səbəb ayının quduz olub-olmamasıdır. Əgər heç bir problem çıxmasa, Baytarlıq Xidmətinin qərarından sonra ayının əti zooparka verilə bilər. Əks təqdirdə ayının cəsədi yandırıla bilər. Nəticələr bəlli olduqdan sonra məsələ qanunvericiliyə uyğun şəkildə həll olunacaq".

    Nazirlik rəsmisi onu da qeyd edib ki, ayını vuran şəxs barəsində hər hansı bir cəza tədbiri görülməyəcək: "Həmin şəxsin hərəkəti özünü müdafiə tədbiri olduğundan bu hal qanun pozuntusu hesab edilmir".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi