Yuxarı

Nərə və uzunburun balıq körpələri Kür çayının mənsəbinə buraxılıb

Proses iyulun sonuna kimi davam edəcək

Bakı. 3 iyul. REPORT.AZ/ Bu gün Xıllı Nərə Balıqartırma zavodundan nərə və uzunburun balıq körpələrinin Kür çayının mənsəbinə buraxılmasına başlanılıb. Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib. 

Gün ərzində Kür çayına standart normativ çəkisi 1-1.2 qram olan təxminən 2 aylıq 100 minə qədər nərə körpəsi buraxılıb. Mövsümi olaraq həyata keçirilən bu proses balıq körpələrinin normativ çəkiyə çatmasından asılı olaraq iyulun sonuna kimi 1-2 gündən bir davam edəcək.

Buraxılışı nəzərdə tutulan balıq körpələri Xəzər dənizindən tədarük edilmiş törədicilərlə yanaşı zavodda yaradılmış təmir törədici fondunun tərkibinə daxil edilən törədici balıqlardan alınıb. Ümumilikdə 2015-ci ilin yaz-yay balıqartırma mövsümü ərzində 5 milyon 200 minədək nərə körpəsinin Kür çayının mənsəbinə buraxılışı proqnozlaşdırılır.

Xatırladaq ki, 2007-ci ildən başlayaraq yaz-yay balıqartırma mövsümündə yetişdirilmiş nərə cinsli balıq körpələrinin bir qismi zavod şəraitində yetişdirilərək və daha yüksək kütləyə (80-150 qram) malik olduqdan sonra Kür çayının mənsəbinə buraxılır. Son illərin təcrübəsi göstərir ki, ənənəvi normativ çəkidən (1-1.2 qram) daha yüksək çəkidə körpələrin təbii ərazilərə buraxılması daha effektiv olur, yəni nərə körpələrinin yaşama ehtimalı xeyli yüksəlir. Bunu nəzərə alaraq zavodun istehsalat infrastrukturunda müvafiq dəyişikliklərin edilməsi və bununla da istehsal olunan yüksək çəkiyə malik nərə cinsli körpə balıqların sayının bir neçə dəfə artırılması nəzərdə tutulub.

Qeyd edək ki, 2003-cü ildən fəaliyyət göstərən Xıllı Nərə Balıqartırma zavodu əsasən nərə cinsli balıqların dörd növünün - bölgə, nərə, kələmo və uzunburun balıqlarının süni yolla artırılması ilə məşğul olur. Müxtəlif növ nərə cinsli balıq körpələri yetişdirilib standart ölçü və kütləyə çatdıqdan sonra (1-1.2 qram) Kür çayının mənsəbinə buraxılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi