​Neftçalada dənizə 130 min ədəd nərəcinsli körpə balıq buraxılıb - FOTO

​Neftçalada dənizə 130 min ədəd nərəcinsli körpə balıq buraxılıb - FOTO Mövsüm ərzində 5 milyondan artıq nərə körpəsinin buraxılışı proqnozlaşdırılır
Ekologiya
30 İyun , 2016 02:08
​Neftçalada dənizə 130 min ədəd nərəcinsli körpə balıq buraxılıb - FOTO

Neftçala. 30 iyun. REPORT.AZ/ Neftçala rayonunda fəaliyyət göstərən Xıllı Nərə Balıqartırma Zavodu tərəfindən Kür çayının mənsəbinə bu il ilkin olaraq 130 min ədəd nərəcinsli körpə balıq buraxılıb.

“Report”un Aran bürosunun məlumatına görə, 2003-cü ildən fəaliyyət göstərən zavod, əsasən nərəcinsli balıqların 4 növünün - bölgə, nərə, kələmo və uzunburun balıqların süni yolla artırılması ilə məşğul olur.

İllik 15 milyon ədəd körpə balıq istehsal etmək gücündə olan zavodda inkubasiya, dairəvi hovuzlar, elektron sexlər və təmir-törədici fondu fəaliyyət göstərir. Bunların da ən böyüyü dairəvi hovuzlar sexidir. Nərəcinsli balıqların sürfəsi müəyyən dövrə qədər məhz burada yetişdirilir. Hər bir hovuzda balıqların növündən asılı olaraq 10 mindən 20 minə qədər körpə balıq saxlanılır.

Bundan başqa zavodda vaxtaşırı təmir-törədici fondda törədicilərin sayının artırılmasına da xüsusi diqqət yetirilir. Hazırda təmir-törədici fondda 6 min ədəddən artıq nərəcinsli balıq saxlanılır. Müxtəlif növ və yaş qrupuna aid olan balıqların çəkisi 500 qram-15 kiloqram arasında dəyişir.

Yaz-yay fəslində isə nərəcinsli balıqların körpələri 1-1,2 qram olduqdan sonra Kür çayının mənsəbində Xəzər dənizinə yaxın hissəsində suya buraxılır. Bu il ilk dəfə olaraq Kür çayının mənsəbinə 130 min ədəd nərəcinsli körpə balıq buraxılıb.

Qeyd edək ki, mövsüm ərzində 5 milyondan artıq nərə körpəsinin buraxılışı proqnozlaşdırılır.

Son xəbərlər

Orphus sistemi