Nazirlik: Plastik və polietilen məhsullardan istifadənin azaldılması üçün birgə səy göstərməliyik

Nazirlik: Plastik və polietilen məhsullardan istifadənin azaldılması üçün birgə səy göstərməliyik Bakı. 7 iyun. REPORT.AZ/ Azərbaycanda plastik qablar, polietilen torbalardan istifadə halları artdığından ətraf mühitə və insan sağlamlığına mənfi təsirini nəzərə alaraq hazırda qlobal çağırışlardan olan plastik və polietilen məhsullardan istifadənin azaldılması ölkəmizdə də aktuallaşır.
Ekologiya
7 İyun , 2018 18:33
Nazirlik: Plastik və polietilen məhsullardan istifadənin azaldılması üçün birgə səy göstərməliyik

Bakı. 7 iyun. REPORT.AZ/ "Azərbaycanda plastik qablar, polietilen torbalardan istifadə halları artdığından ətraf mühitə və insan sağlamlığına mənfi təsirini nəzərə alaraq hazırda qlobal çağırışlardan olan plastik və polietilen məhsullardan istifadənin azaldılması ölkəmizdə də aktuallaşır".

Bunu "Report"a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Mehman Nəbiyev deyib.

O bildirib ki, az qala bütün kafelərdə çay, su, qəhvə, yemək insanlara plastik stəkan və qablarda verilir: "Bu sanki bir dəb halını alıb, yəni insanlar plastmas stəkanda nəsə içməyi trend hesab edir. İstifadə olunan bu məhsullar sonradan zibillə ətraf mühitə atılır. Zibilliklərdən toplanması çətin olan polietilen torbalar 100 illərlə xarab olmadığından torpağın keyfiyyətini pozur".

M.Nəbiyevin sözlərinə görə, iaşə obyektlərində müştərilərə içki, qida təklif olunan plastik qablardan uzunmüddətli istifadə insan sağlamlığı üçün zərərli ola bilər: "Belə qabların hazırlanmasında istifadə olunan kimyəvi qatqılar yüksək temperaturun təsirindən aktivləşərək insan orqanizminə düşə bilər və sağlamlığa təhlükə yaradar. İstehlakçılar daha ucuz başa gələn vasitələrdən istifadəyə üstünlük verirlər. Daha az xərc çəkib, daha çox qazanc götürmək bəzi sahibkarlar üçün asan gəlir mənbəyi hesab olunur. Amma ekologiya, sağlamlıq, millətin gələcəyi arxa plana keçir. İnsanların bir çoxu bu qablardan uzunmüddətli istifadənin zərərli ola biləcəyini bilmir. Marketlərdə ərzaq məhsullarını yığdığımız birdəfəlik torbalar xüsusi kimyəvi qatqılardan istifadə olunmaqla hazırlanır. Ərzaq məhsullarının daşınmasında polietilen torbalardan açıq halda istifadə olunması insan sağlamlığı üçün təhlükəlidir. İstifadə olunduqdan sonra belə torbalar təbiətə atılır, bitkilərə, heyvanlara təhlükə yaradır və ətraf mühiti, torpağı çirkləndirir".

Mütəxəssis xatırladıb ki, əvvəllər insanlar təbii və zərərsiz vasitə olan zənbildən, kağız torbalardan istifadə edirdi: "Sellofan torbaların pulsuz olması onların əhali tərəfindən geniş istifadəsinə şərait yaradır. Avropa ölkələrində bu torbalar ödənişlidir".

Sektor müdiri yaxın gələcəkdə bu problemin məcburi qadağalarla həll oluna biləcəyi ehtimallarına da toxunub: “İnsanlar özləri bunlardan imtina edib daha zərərsiz, sağlam vasitələrə keçərsə, istehsalçı da tələbatın azaldığını görüb geri çəkilər. İnsanların öz sağlamlıqları naminə getdikcə belə vasitələrdən imtinası problemin həllinə kömək edə bilər. Polietilen paketlərdən istifadənin azaldılması ilə bağlı qanunvericlik məsələlərinə baxılması nəzərdə tutulmuş tədbirlərdən biridir. Marketlərdə polietilen torbaların ödənişsiz olmasını aradan qaldırmaqla kağız və digər vasitələrdən istifadəni təşviq etmək, kağız və digər əvəzləyici vasitələrin istehsalı, ölkəyə idxalı ilə məşğul olan sahibkarlara güzəştlər etmək olar".

O qeyd edib ki, İtaliya, Fransa, Keniya kimi ölkələrdə sellofan torbalar qadağan olunub: "Birbaşa qadağa olmasa da, ekoloji təmiz məhsul istehsalçılarına şərait yaratmaqla, digər məhsul istehsalçılarını da bu məsələyə yenidən baxmağa təşviq etmək olar. Hazırda bu məsələ gündəmimizdədir. Azərbaycanda vətəndaşlarımızın sağlamlığına təhlükə olan plastik və polietilen məhsullardan istifadənin azaldılması üçün birgə səy göstərməyimiz vacibdir".

Son xəbərlər

Orphus sistemi