İqlim dəyişikliyi səbəbindən son 30 ildə Azərbaycanda kənd təsərrüfatına ciddi ziyan vuran isti və quru küləklərin sayı 14 dəfə çox olub.
"Report" xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev Memarlıq və İnşaat Universitetində (AzMİU) “COP29: Dayanıqlı Şəhərsalma və Ekoloji Çağırışlar” forumda deyib.
O qeyd edib ki, Ümumdünya Meteorologiya Təşkilatının məlumatına görə, 2014-2023-cü illərdə qlobal orta temperatur 1.2 selsi dərəcə yüksək olub: "Temperaturun belə tez-tez artması ekstremal hava hadisələrinin artmasına, biomüxtəlifliyin azalmasına səbəb ola bilər. İqlim dəyişikliyinin qarşısı alınmasa dünyada uzunmüddətli problemlər və ziyanlar yaranacaq".
Nazir müavini Azərbaycanda da iqlim dəyişikliyinin təsirlərinin müşahidə olunduğuna, son 23 ildə ölkədə orta temperaturun 1.1 selsi artıq olduğuna diqqət çəkib: "Son 30 ildə Azərbaycanda kənd təsərrüfatına ciddi ziyan vuran isti və quru küləklərin sayı 14 dəfə çox olub. Son 10 ildə dolu hadisələrinin sayı 3 dəfədən çox artıb. Əvəllər dolu dağ və dağətəyi rayonlarda olurdusa,hazırda düzən ərazilərdə belə baş verir".
O əlavə edib ki, Azərbaycanda su ehtiyatları son 10 ildə təxminən 15% azalıb: "Son 30 ildə Xəzər dənizinin səviyyəsi ciddi şəkildə azalmaqdadır. Xəzər dənizində suyun səviyyəsinin azalması sahilyanı ekosistemə, biomüxtəlifliyə, yaşayış ərazilərində ciddi təsirlərə gətirib çıxarır".
R.Hacıyev əlavə edib ki, hazırda Azərbaycanın yeni iqlim strategiyasının hazırlanması üzrə işləri davam edir: "Yeni strategiya bütün iqtisadi sektorları əhatə edərək aşağı karbonlu inkişafı əvəzləyəcək. Ən böyük çağırışlardan biri iqlim dəyişikliyinə uyğunlaşma üçün potensialın artırılmasıdır. Dövlət səviyyəsində bu problemlərin həlli istiqamətində ciddi işlər aparılır. COP29 bu baxımdan ölkəmiz üçün böyük irəliləyişlər gətirəcək. İşğaldan azad edilmiş zonalarda da ölkəmiz tərəfindən yaşıl enerji məqsədli layihələr həyata keçirilib. Buna ağıllı kənd və şəhərlər nümunə gətirə bilərik. İnanıram ki, bu gün AzMiU-da keçirilən forum iqlim dəyişikliyi ilə bağlı məsələlərə öz töhfəsini verəcək".