Beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi Azərbaycan iqlim dəyişmələri ilə bağlı qlobal məsələlərin həllinə böyük önəm verir və bu istiqamətdə əməli işlər görür.
"Report" xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev Bakıda keçirilən “2021-2025-ci illər üçün BMT-Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi”nin icrası üzrə Hökumət-BMT Birgə İstiqamətləndirici Komitənin iclasında bildirib.
"Bu il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 Azərbaycanda keçiriləcək. İnanıram ki, BMT ilə müxtəlif istiqamətlərdə, o cümlədən COP29-a hazırlıq, ətraf mühit və iqlim dəyişikliyi nəticə qrupunun fəaliyyəti çərçivəsində əməkdaşlığımız uğurla davam edərək, qarşıya qoyulmuş hədəflərə nail olunmasında xüsusi rol oynayacaq", - deyə o qeyd edib.
"Qlobal çağırışların həllinə töhfə məqsədilə Azərbaycan BMT-nin “Dünyamızın transformasiyası: 2030-cu ilədək Dayanıqlı İnkişaf sahəsində Gündəlik” təşəbbüsünə qoşularaq dayanıqlı inkişafa nail olmaq öhdəliyini bəyan edib, bu öhdəliklərin icrasına dair mühüm addımlar atıb. “2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyi”ndə qeyd olunan təmiz və sağlam ətraf mühitin təmin olunması bütün səviyyələrdə dayanıqlı inkişafa nail olmaq üçün mühüm faktordur. Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində yeni strateji mərhələdə iqtisadiyyatın dayanıqlı və yüksək templərlə artması fonunda keyfiyyətli ekoloji mühitin təmin olunması kimi mühüm vəzifə qarşıya qoyulub. Təsadüfi deyil ki, "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" sənədində 5-ci prioritet Təmiz ətraf mühit və yaşıl artım ölkəsi adlanır. Milli Prioritetlər Azərbaycanda müasir çağırışlara və beynəlxalq standartlara uyğun olaraq iqtisadi inkişafın davam etdirilməsi, eyni zamanda yeni innovativ iqtisadiyyatın daha da genişləndirilməsini nəzərdə tutur. Azərbaycan bəşəriyyətin qəbul etdiyi "Dayanıqlı inkişaf" konsepsiyasının prinsiplərinin həyata keçirilməsinə töhfə verir və “Yaşıl iqtisadiyyat”a keçid ilə bağlı iqlim dəyişikliyi fenomeninin iqtisadiyyata təsirinin yumşaldılması istiqamətində tədbirlər görür. iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Prezident İlham Əliyevin 2023-cü il 25 dekabr tarixli Sərəncamı ilə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib", - deyə R.Hacıyev vurğulayıb.