Ölkədə xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi son 20 ildə iki dəfəyə yaxın artırılıb.
"Report" xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Elmlər Akademiyası və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə "Azərbaycanda ətraf mühitin sağlamlaşmasında Ümumilli lider Heydər Əliyevin rolu" mövzusunda keçirilən elmi-praktiki konfransda deyib.
Nazir vurğulayıb ki, son beş il ərzində ölkə ərazisində 10 milyondan çox ağac və kol tingləri əkilib:
"Təkcə 2023-cü il ərzində ölkə ərazisində dörd milyona yaxın ağac əkilmiş, cari ildə 5 milyon ağacın əkilməsi hədəflənib".
Nazir qeyd edib ki, ölkədə yeni milli park və qoruqların yaradılması istiqamətində tədbirlər Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir:
"Azərbaycanda xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi son 20 ildə 2 dəfəyə yaxın artırılaraq, 478 min hektardan 893 min hektara çatdırılıb".
M.Babayev həmçinin işğaldan azad edilmiş ərazilərdə ekoloji mühitin bərpası istiqamətində geniş miqyaslı tədbirlər görüldüyünü, xüsusi mühafizə olunan təbiət ərazilərinin fəaliyyətinin bərpası istiqmətində işlərin davam etdiyini bildirib:
"Meşə və yaşıllıq ərazilərinin artırılması, təbiət abidələrinin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə edilməsi sahəsində layihələr icra olunur. Yaşıl artım konsepsiyasının tərkib hissəsi kimi işğaldan azad edilmiş ərazilərin “yaşıl enerji” zonasına çevrilməsi və burada karbon neytrallığı hədəfinə nail olunması istiqamətində siyasət həyata keçirilir".