Bakı. 1 oktyabr. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamenti, Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları ilə birgə keçirdikləri reyd zamanı Xəzər dənizinin Nargin adasının yaxınlığında icazəsiz balıq ovlayan şəxs saxlanılıb.
Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, araşdırma zamanı ov edən şəxsin Bakı şəhər sakini Rəşid Səfərov olduğu müəyyən edilib, ondan müxtəlif növ balıq, ov alətləri və rezin qayıq götürülüb.
Balıq ehtiyatlarına vurulan ziyan hesablanaraq brakonyer barəsində 792 manat məbləğində iddia qaldırılıb.
Dəyən ziyan cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Su Nəqliyyatında Polis İdarəsi tərəfindən araşdırılır.