Muxtar Babayevdən tibbi tullantıların idarə olunması ilə bağlı açıqlama

Muxtar Babayevdən tibbi tullantıların idarə olunması ilə bağlı açıqlama Azərbaycanda karantin rejiminə ciddi riayət edilməsi və preventiv tədbirlərin görülməsi nəticəsində çoxsaylı kollektivimiz arasında bu günədək koronavirusa yoluxma halı qeydə alınmayıb.
Ekologiya
21 May , 2020 17:04
Muxtar Babayevdən tibbi tullantıların idarə olunması ilə bağlı açıqlama
Muxtar Babayev

"Azərbaycanda karantin rejiminə ciddi riayət edilməsi və preventiv tədbirlərin görülməsi nəticəsində çoxsaylı kollektivimiz arasında bu günədək koronavirusa yoluxma halı qeydə alınmayıb".

"Report" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Nazir bildirib ki, bu müddət ərzində əsas diqqət edilən sahələrdən biri də təhlükəli tibbi tullantıların idarə olunması ilə bağlı olub:

"Təhlükəli tibbi tullantıların idarə olunmasının əlaqələndirilməsi həyata keçirilir və həmin tullantıların utilizasiyasını təşkil edilir. Hazırda bu işlər TƏBİB və Səhiyyə Nazirliyi ilə birgə Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş "Tibbi tullantıların idarə olunmasına dair tələblər”ə uyğun olaraq həyata keçirilir".

M.Babayev bildirib ki, mart ayından bu günədək ümumilikdə 50 tibb müəssisəsi və müvəqqəti karantin üçün ayrılan mehmanxanalarda əmələ gələn 2 200 kubmetrdən çox təhlükəli tibbi tullantı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə birlikdə daşınaraq - Abşeron yarımadası, Lənkəran, Şəmkir və Quba rayonlarında yerləşən xüsusi qurğularda yandırılaraq zərərsizləşdirilib.

Onun sözlərinə görə, AQTA tərəfindən zərərsizləşdirilən tullantılar cənub zonasında 13 nöqtədən təqribən 150 kubmetr, ETSN tərəfindən zərərsizləşdirilən digər 37 nöqtədən təqribən 2 054 kubmetr tullantı olub:

"Bu zaman əmələ gəlmiş təqribən 40 kub metr kül tullantısı isə daşınaraq Təhlükəli Tullantılar poliqonunda utilizasiya edilib. Bu işlər bu gün də davam etdirilir".

Qeyd edək ki, müalicə profilaktika müəssisələrinin fəaliyyəti nəticəsində əmələ gələn tibbi tullantılar morfoloji tərkibinə və təhlükəlilik dərəcəsinə görə maye, bərk və toz şəklində olaraq, müvafiq təhlükəli tullantılar təsnifatına aid edilirlər.

Tibbi tullantılar epidemioloji və toksikoloji təhlükəlilik dərəcəsinə görə dörd sinfə bölünür – A, B, C və D.

B və C sinfinə aid tullantılar təhlükəli və xüsusi təhlükəli tullantılar hesab olunur. Pandemiya dövründə məhz bu tullantıların idarə olunması ciddi nəzarətə götürülüb.

Hazırda onlar kateqoriyalar üzrə çeşidlənərək Nazirlik tərəfindən təmin edilən müxtəlif rəngli xüsusi torbalara toplanır (B sinfinə aid təhlükəli tullantılar sarı, C sinfinə aid xüsusi təhlükəli tullantılar isə qırmızı torbalara toplanır). Tullantılar xüsusi avtomaşınlarla daşınaraq müvafiq qurğularda termik üsulla 800-1200 dərəcə temperaturda zərərsizləşdirilərək məhv edilir.

Son xəbərlər

Orphus sistemi