"Azərbaycan ətraf mühitin mühafizəsi, su ehtiyatlarının idarəolunması kimi məsələlərdə BMT ilə yaxından əməkdaşlıq etmək niyyətindədir".
“Report” xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev jurnalistlərə açıqlamasında bildirib.
"Artıq bəzi proqramlar hazırlamışıq, həmin proqramlar gündəliyimizdədir. Bu sahədə BMT-nin təcrübəsi də bizim üçün çox önəmlidir. Ona görə də ətraf mühitin mühafizəsilə bağlı problemləri həll etməklə bağlı layihələrin, fikirlərin dəstəklənməsini, texniki yardımları önəmli hesab edirik” – deyən nazir bu sahədə dünyada olan ən qabaqcıl təcrübələri mənimsəyərək azad olunmuş ərazilərdə tətbiq etməyi düşündüklərini dilə gətirib:
“Kənd təsərrüfatı, ekosistemin təkmilləşdirilməsi, şəhərsalma sahələri, həmçinin “ağıllı şəhər” və “ağıllı kənd” kimi layihələr bizim üçün əhəmiyyətlidir. Məqsədimiz azad edilmiş ərazilərdə 2050-ci ilədək "sıfır qaz emisiyası"na nail olmaqdır”.