Bakıda bu gün keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransında (Pre-COP29) aparılan müzakirələr COP29-un uğurlu başa çatmasına şərait yaradacaq.
"Report" xəbər verir ki, bunu COP29-un müəyyən edilmiş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev "Ambisiyanı gücləndirilməsi və fəaliyyətə imkan verilməsi" adlı BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransında (Pre-Cop29) çıxışı zamanı deyib.
Nazir COP29 çərçivəsində qarşıya qoyulan məqsədlərə nail olunacağına inandığını bildirib: "Qarşıya yeni məqsədlər qoymuşuq və Azərbaycan növbəti töhfələr sənədi üzərində işləyir".
M.Babayev xatırladıb ki, COP29 prezidentliyinə nazirlər səviyyəsində əlaqələndirici şəxslər təyin edilməsi ölkələr arasında dialoqu sürətləndirməyə və boşluqları aradan qaldırmağa imkan verəcək.