Meşələrin artırılmasına və təbii bərpasına necə nail olmaq olar? - RƏY

Meşələrin artırılmasına və təbii bərpasına necə nail olmaq olar? - RƏY Bakı. 4 mart. REPORT.AZ/ Uzun illər akademik Həsən Əliyevlə birgə çalışmış meşəçi alim, elmlər doktoru Mahmud Xəlilov Azərbaycanda meşələrin artırılmasına və meşələrin təbii bərpasına kömək məqsədilə mövcud dünya təcrübəsindən yararlanmağı tövsiyə edir.
Ekologiya
4 Mart , 2019 14:47
Meşələrin artırılmasına və təbii bərpasına necə nail olmaq olar? - RƏY

Bakı. 4 mart. REPORT.AZ/ Uzun illər akademik Həsən Əliyevlə birgə çalışmış meşəçi alim, elmlər doktoru Mahmud Xəlilov Azərbaycanda meşələrin artırılmasına və meşələrin təbii bərpasına kömək məqsədilə mövcud dünya təcrübəsindən yararlanmağı tövsiyə edir.

M.Xəlilov “Report”a açıqlamasında bildirib ki, dünya təcrübəsində mühafizə tədbirlərinə, yəni meşə ərazilərinə girişin müəyyən qədər məhdudlaşdırılmasına, çəpərləmənin aparılmasına daha çox üstünlük verilir və çəpərlənmə praktikası əsasən yeni əkilən və təbii bərpaya ehtiyac olan ərazilərin qorunmasına yönəlir.

O deyib ki, meşə ərazilərinin bəzi sahələrinin çəpərə alınması akademik Həsən Əliyevin meşələrin qorunub saxlanılması və artımına nail olunması üçün verdiyi tövsiyələrdən biridir: “Dünyanın bütün ölkələrində meşələr milli sərvət hesab edilir, qorunur və davamlı istifadə olunur. Lakin meşə ərazisi kiçik olan ölkələr üçün meşələrin qorunub saxlanması, artırılması olduqca həssas və vacib məsələdir, ona görə də belə hallarda mühafizə tədbirlərinə, çəpərləmə işlərinə daha çox üstünlük verilir. Hətta meşə ərazisi çox olan ölkələrdə də bu təcrübədən istifadə olunur. Belə ölkələrdə, həm meşələrdən iqtisadi resurs kimi istifadə edilməsi məsələsi prioritet olaraq götürülür, həm də mühafizəyə ehtiyacı olan ərazilərdə mühafizə tədbirləri icra edilir.

Dünyanın əksər ölkələrində meşələrin davamlı idarə edilməsi məqsədilə meşələrin uzunmüddətli idarəetmə planları hazırlanır və bu planlar əsasında meşələr idarə olunur. Praktikada, eləcə də bizim ölkədə meşələrin funksiyalarına görə zonalara bölünməsi prinsipi tətbiq olunur. Misal üçün, təbii bərpa üçün ayrılmış zonalar, xüsusi mühafizə zonaları, rekreasiya zonaları, təsərrüfat fəaliyyəti üçün ayrılmış zonalar və s.

BMT-nin Ərzaq Təhlükəsizliyi və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən aparılmış araşdırmalara əsasən, bir sıra ölkələrdə meşə idarəetmə planlarında meşələr təyinatına uyğun olaraq zonalara bölünür. Məsələn, Avstraliyada meşələr 8 zonaya ayrılır ki, buraya xüsusi mühafizə zonası, iqtisadi fəaliyyət zonası, rekreasiya zonası və s. zonalar daxildir. Təbii ki, xüsusi mühafizə zonaları kənar müdaxilələri azaltmaq üçün relyef şəraitinə uyğun olaraq çəpərlənir. Malayziyada isə meşələr istehsal, bioloji mühafizə, rekreasiya və icma meşələri kimi 4 zonaya ayrılır və burada da təbii bərpaya ehtiyacı olar ərazilər çəpərlənir. Avropa ölkələrində meşələrin çəpərlənmə praktikası əsasən biomuxtəlifliyin qorunmasına yönəlib, yeni əklilən və təbii bərpaya ehtiyac olan əraziləri əhatə edir. Türkiyədə də mühafizə olunan meşə əraziləri, eləcə də yeni əkilən və ya təbii bərpaya ehtiyacı olan ərazilər çəpərlənməkdədir. Burada həm ekoloji, həm də iqtisadi mənfəətlər nəzərdə tutulur. Digər meşə əraziləri isə tam açıq qalır.

Qırğızıstanda FAO layihəsi çərçivəsində yeni salınan və təbii bərpaya ehiyacı olan ərazilər hazırda çəpərlənməkdədir. Bu günə kimi 200 ha-a yaxın yeni salınan və təbii bərpaya ehtiyacı olan sahələrə çəpərlər çəkilib. Təbii ki, əhali və yerli icmalar tərəfindən meşələrin dəyəri tam mənimsənilsə və meşələrə təsirlər şüurlu şəkildə azalsa, çəpərləmə tədbirləri minimuma endirilə bilər və ya yalnız təbii bərpa və yeni əkin sahələri çəpərə almağa ehtiyac yaranar”.

Son xəbərlər

Orphus sistemi