Yuxarı

Masallıda açıq meşə fondu ərazilərinə ağaclar əkilib - VİDEO - YENİLƏNİB

Masallıda açıq meşə fondu ərazilərinə ağaclar əkilib

Video əlavə olunub


*** 17:29

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən başladılan payız ağacəkmə kampaniyası dekabrın 14-də Masallı rayonunda davam etdirilib. 

"Report"un Cənub Mərkəzinin məlumatına görə, elm xadimlərinin, kənd sakinlərinin, ictimaiyyət və KİV nümayəndələrinin iştirakı ilə keçirilən aksiya zamanı rayonun Güllütəpə kəndinin yaxınlığındakı boş meşə fondu torpaqlarının 20 hektar sahəsində, eyni zamanda, əvvəllər yanğına məruz qalmış meşə ərazisində meyvə və meşəcinsli tinglər əkilib, meşəcinsli ağacların toxumları səpilib.

Ağacəkmədə iştirak edən Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib ki, meşəbərpa tədbirlərinin həyata keçirilməsi təbiətə böyük töhfədir: "Eyni zamanda ölkəmizdə ətraf mühitin sağlamlaşdırılmasına, yeni meşə zolaqlarının salınmasına böyük önəm vermiş təbiəti mühafizə və ekologiya elminin banisi, görkəmli alim, akademik Həsən Əliyevin xatirəsini yad etdik".

Ağacəkmə aksiyasında iştirak edən Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov deyib ki, bu gün şəxsən özü 10 meyvə ağacı əkib: "Kəndə yaxın meşə ərazisində meyvə ağaclarının əkilməsi təqdirəlayiqdir. Çünki ağac əkdiyimiz ərazi kəndə çox yaxındır. Bir neçə ildən sonra kənd əhalisi əkilən ağacların meyvələrindən faydalanacaq. İnanırıq ki, insanlar bəhrələndikləri meyvə ağaclarını kəsməyəcəklər. Ona görə də meşə fondu sahələrində meyvə ağaclarının əkilməsini, ümumiyyətlə, boş meşə sahələrində aqrobağların salınmasını yüksək qiymətləndiririk".

Akademik Həsən Əliyevin Azərbaycanda yerli meyvə sortlarının arealının genişləndirilməsi və meşə massivlərinə inteqrasiyasının təşkilində mühüm xidmətləri olub. Sevindiricidir ki, bu gün onun meyvə ağaclarının əkilməsi və yeni yaşıllıqların salınması ideyaları davam etdirilir".

Aksiyaya qatılan elm xadimləri ağac əkməklə həm ölkəmizin yaşıllaşdırılmasında, həm də akademik Həsən Əliyevin ideyalarının gerçəkləşdirilməsində pay sahibi olduqlarından qürur duyduqlarını bildiriblər.

Ağac əkən yerli sakinlər, ətrafda yaşayan kəndlərin əhalisi də meşə ərazilərinin genişləndirilməsini, xeyirxah bir tədbir kimi qiymətləndirib və əkilən ağacların qorunmasında yaxından iştirak edəcəklərini söyləyiblər.

Masallı rayon sakini Ülviyyə Dadaşova ağacəkmə aksiyasına ailəsi ilə birgə qoşulduğunu deyib: "Qonşu kənddən gəlib aksiyaya qoşulmuşuq. Sevinirəm ki, əkilən ağaclar meyvə ağaclarıdır. Bir neçə ildən sonra həm ağacların meyvələrini dərəcəyik, həm həm də əkdiyimiz ağacların kölgəsində dincələcəyik. Onu da qeyd edim ki, kəndimiz hələ də qazlaşdırılmayıb. Buna görə də bizim oduna ehtiyacımız var. Yemək bişirmək, evi isitmək üçün odun tədarükü etmək məcburiyyətindəyik. Əvvəllər meşə sahələrinə gedib odunu özümüz tədarük edirdik. Bu, həm təhlükəli, həm də çətin idi. Hazırda bizim işimiz rahatlaşıb. İndi meşə idarəsi odunu özü tədarük edir və odun yanacağına olan tələbatımız ödənilir. Həm bizim işimiz asanlaşıb, həm də meşələrə müdaxilənin qarşısı alınıb".

Rayon ağsaqqalı Sərhat Məmmədov yerli sakinlərinin aksiyaya həvəslə qoşulduğunu vurğulayıb: "Hər birimiz əkdiyimiz ağacla rayonumuzun meşəsinə töhfə vermiş olduq. Söz veririk ki, meşəni də, əkilən ağacları da gələcək nəsillər naminə qoruyacağıq".

Ağacəkmə aksiyasından sonra elm xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib. Tədbirdə Akademik Həsən Əliyevin ölkəmizdə meşəcinsli və meyvə ağaclarından ibarət meşə zolaqlarınin salınmasındakı əvəzsiz xidmətlərindən söhbət açılıb, bundan sonra da ölkədə meşə ilə öryülü ərazilərin miqyasının genişləmdirilməsi istiqamətində işlərin davam etdirilməsinin vacibliyi diqqətə çatdırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi