“Yaşıl məktəb” layihəsinin ikinci mərhələsi başlayıb

“Yaşıl məktəb” layihəsinin ikinci mərhələsi başlayıb Layihə Gəncə, Mingəçevir və Ağcabədidə icra olunur
Ekologiya
13 May , 2015 16:18
“Yaşıl məktəb” layihəsinin ikinci mərhələsi başlayıb

Bakı. 13 may. REPORT.AZ/ Gənclər üçün Təhsil Mərkəzi Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Yaşıl məktəb” layihəsinin 2-ci mərhələsinə başlayıb.

Mərkəzdən "Report"a verilən məlumata görə, ətraf mühitin qorunmasında təhsil müəssisələrinin və orada təhsil alan şagirdlərin rolunu gücləndirmək, onlar arasında ekoloji təfəkkürü artırmaq məqsədi daşıyan layihə Gəncə, Mingəçevir və Ağcabədidə icra olunur.

İlkin mərhələdə adları çəkilən regionların orta məktəblərində ekoloji maarifçilik işini yüksəltmək məqsədilə təlimlər keçirilib, məktəblilərin iştirakı ilə ekoloji divar qəzetlərini hazırlayacaq işçi qruplar formalaşdırılıb.

Yeni mərhələdə isə hər regionun 10 məktəbində ekoloji divar qəzetlərinin hazırlanması, ekoloji aksiyaların və müsabiqələrin keçirilməsi planlaşdırılır. Ekoloji divar qəzetləri məktəblilərlə yanaşı, yerli əhalinin də ekoloji maariflənməsinə xidmət göstərəcək. Məktəblilərin iştirakı ilə keçiriləcək ekoloji aksiyalar vasitəsilə məktəb ətrafında yaşıllaşdırma işləri aparılacaq, iməcliklər təşkil olunacaq.

Layihə çərçivəsində məktəblilər arasında ekoloji rəsm müsabiqələrinin, eyni zamanda onların ekoloji bilik və bacarıqlarının yoxlanılması üçün digər tədbirlərin təşkil olunması da nəzərdə tutulur.

Mərkəzin icraçı direktoru Fəxrəddin Həsənzadə bildirib ki, bu gün Azərbaycanda həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının uğurlu nəticələri ekoloji problemlərin də operativ yoluna qoyulmasına, ətraf mühitin mühafizəsi istiqamətində ardıcıl və səmərəli tədbirlərin görülməsinə əlverişli şərait yaradıb: "Ekologiyanın qorunmasına, ətraf mühitin mühafizəsinə göstərilən diqqət və qayğı, ardıcıl həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanda ekoloji vəziyyət getdikcə yaxşılaşmaqdadır. Ölkədə yürüdülən ekoloji siyasətin məqsədi indiki və gələcək nəsillərin ehtiyaclarının təmin edilməsi naminə mövcud ekoloji sistemlərin və təbii ehtiyatlardan səmərəli istifadə edilməsi ilə davamlı inkişafın təmin edilməsindən ibarətdir. Biz gənclər də dövlətin həyata keçirdiyi bu siyasətə dəstək verməklə, ekologiyamızın qorunmasına xüsusi həssaslıq nümayiş etdirməliyik. Buna görə də biz məktəb yaşlarından uşaq və yeniyetmələrimizin ekoloji təfəkkürünü artırmaq, onların ətraf mühitə münasibətdə xüsusi nümunə göstərmələrini təmin etmək istəyirik".

Qeyd edək ki, layihənin sonunda hər regionda “Ən fəal Yaşıl Məktəb” müəyyən olunacaq.

Son xəbərlər

Orphus sistemi