Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşkilatçılığı ilə bir qrup yerli kütləvi informasiya vasitələrinin nümayəndələri işğaldan azad edilmiş Zəngilan rayonunda yerləşən Bəsitçay Dövlət Təbiət Qoruğuna səfər ediblər.
"Report"un Zəngilana ezam olunan müxbirinin verdiyi xəbərə görə, jurnalistlər əraziyə baxış keçirib, burada erməni vandallığının şahidi olublar.
ETSN-in Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova jurnalistlərə açıqlamasında bildirib ki, Zəngilan rayonu ərazisində iki xüsusi mühafizə olunan təbiət ərazisi yerləşir: "Onlardan biri Bəsitçay Dövlət Təbiət Qoruğu, digəri isə Arazboyu Dövlət Təbiət Yasaqlığıdır: "Bəsitçay Dövlət Təbiət Qoruğunun ümumi sahəsi 107 hektardır. Qoruq 1974-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılıb. Qoruq unikal ekosisteminə görə fərqlənir. Burada təbii hallarda Şərq çinarlarının bitdiyi ən böyük ərazidir. Bu ərazinin 100 hektarı Şərq çinarları, qalan ərazi qarışıq meşəlikdir".
Onun sözlərinə görə, qoruğun vadisində Bəsitçay çayı axır: "Çay mənbəyini Zəngəzur silsiləsindən götürür və 15 kilometri qoruğun ərazisindən keçir. Şərq çinarı meşəliyi də qoruğun vadisində yerləşir. İlkin monitorinqlərə görə, işğal dövründə erməni vandalizmi nəticəsində 42,8 ha meşə sahəsi məhv edilib".
A.Səmədova deyib ki, Arazboyu Dövlət Təbiət Yasaqlığı 2200 kvadratmetr ərazini əhatə edir: "Zəngilanın işğalından bir neçə ay əvvəl yaradılmış təbiət yasaqlığıdır. Yaradılmasında məqsəd Arazboyu Tuqay meşələrinin qorunması olub. Təəssüf ki, mənfur düşmən tərəfindən Araz çayının məcrası dəyişdirilib. Hazırda əlimizdə olan məlumata görə, həmin ərazidə 1500 hektaradək Tuqay meşələri məhv edilib".