Türkiyənin İstanbul şəhərində İqlim Dəyişmələri üzrə Hökumətlərarası Ekspert Qrupunun (İPCC) 60-cı sessiyası öz işinə başlayıb.
"Report"un məlumatına görə, tədbirdə Azərbaycanı Xarici İşlər və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin rəsmilərindən ibarət nümayəndə heyəti təmsil edir.
Açılış mərasimində İPCC-in Sədri Jiam Skea, UNEP-in Baş katibi İnger Andersen, Dünya Meteorologiya Təşkilatının (WMO) Baş katibi prof. Celeste Saulo, UNFCCC İcraçı katibi Simon Stiel və Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişmələri nazirinin müavini Fatma Varank çıxış edərək iqlim dəyişmələri ilə mübarizədə elmin və İPCC-nin hərəkətverici rolundan danışıblar.
7-ci Qiymətləndirmə Dövrünün (7QD) başlanılmasına həsr edilmiş Sessiyanın ilk günündə müzakirə olunacaq məsələlərin dairəsi müəyyən edilib, təşkilatın əvvəlki illər üçün maliyyə hesabatı və gələcək illər üçün büdcə proqnozları, eləcə də İPCC sədrinin yeni qiymətləndirmə dövrü ilə bağlı mülahizələri və iş proqramı müzakirə olunub.