Yuxarı
    Bağlamaq

    İqlimşünas: “Azərbaycanda soyuq hava şəraiti maksimum 2-3 gün davam edəcək”

    “Bu gündən etibarən güclənən şimal şərq küləyinin dekabr ayının 16-da sürətinin azalacağı gözlənilir”

    Bakı. 13 dekabr. REPORT.AZ/ “Hazırda Azərbaycan ərazisində cənub-qərb və cənub-şərq istiqamətdən daxil olan hava kütlələrinin yaratdığı hava şəraiti müşahidə olunur. Havanın temperaturu normadan istidir”.

    Bunu “Report”a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru, iqlimşünas Məhərrəm Həsənov deyib.

    İqlimşünas bildirib ki, hava şəraiti normadan isti olanda alçaq təzyiq sahəsi əmələ gəlir: “Belə halda soyuq hava kütlələrinin ölkə ərazisinə gəlmə ehtimalı çoxalır”.

    Mütəxəssis qeyd edib ki, sabahdan etibarən Azərbaycan ərazisinə şimal, şimal-şərq və şimal-qərb hava kütlələrinin gəlməsi gözlənilir: “Bu hava kütlələri əraziyə daxil olanda temperatur bir qədər aşağı düşür. Yəni növbəti iki gün ərzində ölkədə güclü küləyin müşahidə olunması gözlənilir. Bu, dekabr ayı üçün gözlənilməz hal deyil”.

    M.Həsənovun sözlərinə görə, ölkə ərazisində soyuq hava şəraiti maksimum 2-3 gün davam edə bilər: “Bir neçə gündən sonra havanın temperaturu yenidən mülayimləşəcək. Artıq Azərbaycanda cənub qərb küləyi yerini şimal şərq küləyinə verir. Bu gündən etibarən güclənən şimal-şərq küləyinin, dekabr ayının 16-da sürətinin azalacağı gözlənilir”.

    O qeyd edib ki, qışda soyuq hava kütlələrinin müşahidə olunması torpaqda olan zərərverici həşəratların müəyyən qədərinin məhv olmasına gətirib çıxarır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi