Yuxarı

​İctimai Ekoloji Şuranın növbəti iclası keçirilib

2016-2020-ci illər üçün Dövlət Proqramının layihəsi müzakirəyə çıxarılıb

Bakı. 15 yanvar. REPORT.AZ/ Ekologiya və təbii sərvətlər naziri yanında yaradılan İctimai Ekoloji Şuranın növbəti geniş iclası keçirilib. Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, iclasda Şuranın üzvləri ilə yanaşı, vətəndaş cəmiyyətinin digər tanınmış təmsilçiləri və müstəqil ekspertlər də iştirak edib. 40-a yaxın nümayəndənin iştirakı ilə keçirilən açıq iclasda 3 məsələ - İDEA İctimai Birliyinin nümayəndəsi, ekoloq Nəzakət İsayevanın Ekologiya və Təbii Sərvətlər Naziri yanında İctimai Ekoloji Şurada təmsilçiliyi, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Paris razılaşmasının qəbul edilməsindən sonra bu sahədə milli strategiyanın əsas istiqamətlərinin müəyyənləşdirilməsi və "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılması və təbii sərvətlərdən səmərəli istifadəyə dair 2016-2020-ci illər üçün Dövlət Proqramı"nın layihəsi müzakirəyə çıxarılıb.

İctimai Ekoloji Şuranın iclasını giriş sözü ilə açan Şuranın sədri, Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov bildirib ki, müvafiq fəaliyyət sahələrində vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlığın qurulması nazirliyin əsas fəaliyyət prinsiplərindən biridir və ETSN-də 2010-cu ildən fəaliyyət göstərən İctimai Ekoloji Şura ölkə başçısının bütün fəaliyyət sahələrində ictimai nəzarətin həyata keçirilməsinə şərait yaradılması barədə müəyyən etdiyi siyasətin tərkib hissəsidir. H.Bağırov Şuranın iclaslarının bundan sonra da vətəndaş cəmiyyətinin bütün nümayəndələrinə açıq olduğunu, istənilən məsələlərin ictimai müzakirəsinin təşkili üçün lazımi şəraitin yaradıldığını qeyd edib. Sonra Nazir müzakirəyə çıxarılan məsələlər haqqında Şura üzvlərinə ümumi məlumat verib və gündəlikdə duran məsələlərin müzakirəsinə başlanılıb.

İDEA İctimai Birliyinin nümayəndəsi, ekoloq Nəzakət İsayevanın Ekologiya və Təbii Sərvətlər Naziri yanında İctimai Ekoloji Şurada təmsilçiliyi məsələsinə baxılıb və onun ictimai şurada təmsil olunması barədə qərar qəbul edilib.

İclasın gündəliyində duran ikinci məsələ - BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Paris razılaşmasının qəbul edilməsindən sonra bu sahədə milli strategiyanın əsas istiqamətlərinin müəyyənləşdirilməsi müzakirə olunub. Müzakirələrdə çıxış edən QHT nümayəndələri, Beynəlxalq Ekoenergetika Akademiyasının prezidenti Fəqan Əliyev, Beynəlxalq Hidroloji Proqramlar Birliyinin rəhbəri Rafiq Verdiyev, Energetika, Ekologiya, Maarifçilik Mərkəzinin sədri Vaqif Əliyev, Davamlı İnkişaf Cəmiyyətinin sədri Fikrət Cəfərov və müstəqil ekspert Samir İsayev strateji cəhətdən ölkədə bu sahədə düzgün istiqamət götürüldüyünü qeyd edib, bundan sonrakı dövrlərdə də eyni xətt üzrə fəaliyyətin davam etdirilməsini məqbul sayıblar.

"Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılması və təbii sərvətlərdən səmərəli istifadəyə dair 2016-2020-ci illər üçün Dövlət Proqramı"nın layihəsinin müzakirəsində isə çıxış edən vətəndaş cəmiyyətinin təmsilçiləri, Ekoloji Proqnoz Milli Mərkəzinin sədri Telman Zeynalov, Azərbaycan Yaşıllar Hərəkatının sədri Fəridə Hüseynova, Azərbaycan Heyvanların Mühafizə Cəmiyyətinin prezidenti Azər Qarayev, "Sağlam həyata doğru" Ekoloji İctimai Birliyinin sədri Sadiq Həsənov, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov və "Eko-TES" Ekoloji Tədqiqatlar və Maarifçilik İctimai Birliyinin sədri Çingiz Nəzərov layihə üzrə müxtəlif məqamlara toxunaraq konkret rəy və təkliflərini bildiriblər.

Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Naziri yanında 2010-cu ildən fəaliyyət göstərən və vətəndaş cəmiyyəti təmsilçiləri üçün açıq olan İctimai Ekoloji Şura respublikada həlli vacib olan ekoloji problemlərin aradan qaldırılması, ictimaiyyətin, qeyri-hökümət təşkilatlarının iştirakı ilə bu sahədə birgə təkliflərin hazırlanması, müzakirə edilməsi və effektivliyin təmin olunması məqsədilə yaradılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi