Yuxarı

Hikmət Əlizadə: “Milli parkların ərazisinə daxil olan turistlərdən iltizam alacağıq” - MÜSAHİBƏ

Nazirliyin departament direktoru əvəzi: “Başqalarının biabırcasına səpələdiyi tullantıları toplamaq vəzifə borcumuz deyil”

Məsuliyyətsiz insanlar zibili harda gəldi atırlar

Artıq bundan sonra zibili müəyyən olunan yerlərə tullamayan adamlara qarşı ən sərt tədbirlər görüləcək

Turist menecerləri işlədikləri uzun illər ərzində milli parka heç bir xeyir vermədikləri halda, şəxsi mənfəətləri üçün ciddi çalışıblar

Bütün milli parklarda turist meneceri vəzifəsini ixtisar etdik

Bakı. 27 avqust. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamentinin direktor əvəzi Hikmət Əlizadənin "Report"a müsahibəsi.

- İnsanların istirahət yeri kimi meşə ərazilərini seçməyi nə qədər doğrudur? Bu seçimin nəticələrini necə xarakterizə etmək olar?

- Azərbaycan təbiətinin ayrılmaz bir hissəsi də meşələrdir. Meşələr statuslarına görə fərqlənir, yəni bir hissəsi xüsusi mühafizə olunan təbiət ərazisidir. Son illərdə bu sahədə çox böyük işlər görülüb, hazırda xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi ölkə ərazisinin 10 faizindən çoxdur.  
Bunların da bir hissəsi qoruqdur, tam toxunulmaz ərazidir. Digər hissəsi isə milli parklardır. Milli parkların qoruqlardan fərqi odur ki, turistlərin bu ərazilərə girişinə müəyyən məhdudiyyətlərlə icazə verilir.

Digər yerlərdə isə meşə fondu torpaqları kateqoriyasına aid ərazilər fəaliyyət göstərir, buraya da giriş və ərazidə aparılan fəaliyyət xüsisi qaydalarla tənzimlənir.

Yay aylarında vətəndaşlarımızın bu əraziləri istirahət yeri kimi seçməsi təbii haldır. Ənənəvi olaraq meşələrdən istirahət məqsədi ilə istifadə olunub. Nazirlik də bu fəaliyyəti tam dəstəkləyir. Xüsusən milli parklarımız Azərbaycan vətəndaşları və turistlər üçün yaradılılıb. Lakin çox təəssüf ki, ziyarətçilər istər milli parklar, istər meşə fondu torpaqlarında əksər hallarda adi ekoloji normalara, təhlükəsizlik qaydalarına riayət etmirlər. Milli parklar ona görə açılıb ki, turistlər gəlsin, müəyyən olunan marşrut üzrə hərəkət eləsinlər, təbiət obyektlərini, fauna növlərini, quşları müşahidə etsinlər, təbiətin gözəlliyindən zövq alsınlar.

Amma bizdə istirahətə gələnlərin bəziləri təbiətdən zövq almaq, onu seyr etmək, müşahidələr aparmaq əvəzinə, gətirdikləri müxtəlif ərzaq məhsullarının harada gəldi yeyib-içilməsinə üstünlük verirlər. Bunu başqa sözlə “kabab turizmi” də adlandırmaq olar. Nəzarətçilərin olmadığı yerlərdə tonqal qalamağa çalışırlar və ya qalayırlar. Bununla da həm təbiəti məişət tullantıları ilə çirkləndirirlər, həm də təbiəti qarşısıalınmaz qüvvə ilə üz-üzə qoyurlar. "Qarşısıalınmaz qüvvə" dedikdə yanğınlar nəzərdə tutulur. Yay aylarında meşə yanğınlarına xüsusi ilə çox rast gəllinir. Çünki təhlükəsizlik qaydaları gözlənilmir, kimsə yerə siqaret tullayır, kimsə piknik adı altında tonqal qalayır. Nəticədə yanğın olur və böyük əraziləri əhatə edir. Yayda isə bunun qarşısını almaq çox çətin olur.

- Təbiətə dəyə biləcək ziyanın qarşısını almaq üçün əvvəlcədən hansı tədbirlər görülür?

- Bununla bağlı əhaliyə tez-tez müraciətlər edirik, maarifləndirmə işləri görürük. Milli parklara gələnlərə girişdə olan məlumat mərkəzindən başlayaraq davranış və rəftar qaydaları izah olunur, bundan əlavə bukletlər paylanılır. Hansısa turist istəmirsə götürmür, bu onun şəxsi işidir. Turistlərin getdikləri yerlərdə davranma qaydaları ilə bağlı böyük plakatlar vurulub.

Artıq biz düşünürük ki, milli parkların ərazisinə daxil olan turistlərdən iltizam alaq ki, təbiətə ziyan vuran işlər görməsinlər, ərazini zibilləməsinlər, yanğın təhlükəsi yaradacaq hər hansı əməl törətməsinlər. Həmçinin ərazidə mühafizəçilər, bələdçilər olur, lakin çox sayda turist gələndə hər bir turistə nəzarət etmək olmur. Məsələn, Göygöl Milli parkına yay aylarında gündəlik gələn turistlərin sayı 2000-3000 arasında olur.
İstirahət yerlərində çox sayda nəzarətçinin dayanması, turistlərə davranış qaydalarını tez-tez xatırlatmaq da doğru deyil, insan özünü təbiətdə sərbəst hiss etməlidir. Amma nəticələri görəndən sonra məcbur oluruq ki, daha ciddi addımlar ataq. Qeyd olunan faktlar çox böyük məbləğdə cərimələrə və təbiətə böyük ziyan dəyərsə, cinayət məsuliyyətinə də səbəb ola bilər.

Bütün bunlarla yanaşı, təbiəti zibilləmək məsələsi də aktual problem olaraq qalır. Bu, ailədən gələn mədəniyyət ilə də bağlıdır. Meşələrdə, milli park ərazilərində kim hara gəldi plastik su butulkalarını, məişət tullantılarını tullayır. Bunun müqabilində bizim əməkdaşlarımız, vəzifə funksiyalarına aid olmasa da ziyartəçilərin atdığı zibilləri toplamağa məcbur olurlar. Artıq zibili müəyyən olunan yerlərə tullamayan adamlara qarşı ən sərt tədbirlər görüləcək. 

Təkcə yay aylarında milli parkların daxili rejimini pozan, ərazini zibilləyən 20-dək şəxsə qarşı akt-protokol tərtib olunub, vətəndaşlar cərimələniblər, amma təkcə bu cərimə ilə kifayətlənmək mümkün deyil . Bu şüur məsələsidir. İnsanlar dərk etməlidir ki, tullantını hara gəldi atmaq olmaz. Bu ancaq meşələrdə olmur, şəhərlərimizdə, yollarda da eyni hallarla qarşılaşırıq, bu böyük tərbiyəsizlik və mədəniyyətsizlikdir. Yalnız kütləvi ictimai qınaq yolu ilə bu problemin qarşısını ala bilərik.

- Milli parklarda xüsusi mühafizə və işçi heyəti olur. Bəs qorunma statusu olmayan meşə sahələrinə necə nəzarət olunur?

- Qorunma statusu olmayan meşə sahələrinə vətəndaş daxil olursa onların fəaliyyəti meşə adminstrasiyası ilə razılaşdırılmalıdır. Təbii ki, həmin əraziləri də zibilləmək olmaz və bu qadağandır. Hər bir rayon üzrə meşə fondu torpaqlarına nəzarət edən idarələr var. Bu ərazilərdə həyata keçirilən istənilən turizm fəaliyyəti həmin idarələrlə razılaşdırılmalıdır. Xüsusən kütləvi yürüşlər zamanı, həmin ərazidə çadır quranda, tonqal qalayanda bunun üçün xüsusi razılıq alınmalıdır, müvafiq qaydada razılaşdırılmalıdır.

Meşələrdə ayrılmış yerlər var ki, orada piknik etmək olar. Meşə ərazisində tonqal qalanması birbaşa təhlükəyə səbəb olan bir hadisədir və bu arzuolunmazdır.

- Meşə ərazilərində baş verən xoşagəlməz hallarla bağlı nəzarətçilərin də diqqətsizliyi ola bilər. İşçi heyətinə necə nəzarət edirsiniz?

- Bəzən bizim əməkdaşlarımızın da səhlənkarlığı, öz şəxsi maraqlarını təmin etmək üçün istənilən milli park ərazisinə turistlərin aparılması halları olur. Bu da acı həqiqətdir. Turist milli parkın ancaq müəyyənləşdirilmiş marşrutu ilə hərəkət etməlidir. Elə ərazilər var ki, toxunulmazdır. Amma bununla bağlı qaydaların pozulması halları da var. Apardığımız araşdırmalar zamanı bunu təsdiqləyən faktlar aşkarladıq. Xüsusən də Şahdağ Milli Parkında xoşagəlməz hallarla qarşılaşdıq. Bizim “turist meneceri” ştatlarımız var, bu vəzifəni icra edən şəxslər milli park üçün heç bir iş görmədən, öz şəxsi mənafelərinə xidmət edərək turistləri milli parkın müəyyən edilməyən marşrutları üzrə aparıb, şəxsi mənfəətlərini güdüblər.

Qanunvericiliyə əsasən milli parklarların xüsusi fondları var və fəaliyyət nəticəsində gələn gəlir (milli parka giriş bileti üçün ödənişlər, xidmət haqları və s) oraya toplanmalı və milli parkın inkişafı istiqamətində xərclənməlidir. Lakin apardığımız təhlil və araşdırma onu göstərdi ki, turist menecerləri işlədikləri uzun illər ərzində milli parka heç bir xeyir vermədikləri halda, şəxsi mənfəətləri üçün ciddi çalışıblar. Məsələn, Qəbələ kimi turizm rayonunda turist menecerlərinin 4-5 illik fəaliyyəti ərzində parkın fonduna cəmi 300 manat mənfəət daxil olub, həmçinin tələb olunan turist marşrutları işlənmədiyi halda əraziyə səfərlər təşkil olunub və s.

Təbii ki qeyd olunanları qəti qəbuledilməz hesab edərək, aşkar olunan faktlardan sonra, bütün milli parklarda turist meneceri vəzifəsini ixtisar etdik, hazırda bu sahədə yenidənqurma və struktur dəyişiklikləri üzərində iş gedir. 

- Hazırda bu istiqamətdə daha hansı işlər görülür?

- Qeyd etdiyim kimi, milli parklarda turist xidmətinin təkmilləşdirilməsi üzrə yeni struktur dəyişiklikləri üzərində işlənir ki, həm turistlər üçün maraqlı olsun, həm də milli parklar daha rentabelli quruma çevrilsin. Həmçinin turist marşrutlarının təkmilləşdirilməsi və yeni marşrutların işlənilməsi üçün ixtisaslı mütəxəssislərdən ibarət komissiya yaradılıb və hazırda ciddi fəaliyyətə başlanılıb. Komissiyanın işi yeni marşrutlar qurmaq və turistlərə zəruri şərait yaratmaq üçün təkliflər hazırlamaqdan ibarətdir. Hesab edirik ki, yeni işlər milli parkların effekivliyini artıracaq və oralara səyahət edən turistlərin sayı hər il çoxalacaq. 

Çalışmaq lazımdır ki, elə fəaliyyət göstərilsin ki, gələn turistlərdən milli parka ziyan yox, xeyir dəysin. Çünki milli parka daxil olan vəsaitlər ərazinin qorunması, zəruri infrastrukturun qurulması işlərinə xərclənir. Həm bu mənfəət olmalıdır, həm də turist fəaliyyətindən təbiəti qorumalıyıq.

Sonda bir daha son günlər xüsusən sosial şəbəkələrdə aktual olan məişət tullantıları ilə bağlı məsələyə qayıtmaq istəyirəm. Bəzən vətəndaşlar Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin ərazini zibillərdən yaxşı təmizləməməsi və ərazidə zibil qablarının sayının azlığını əsas gətirərək ədalətsiz rəylər yazırlar. 

Əslində isə hər kəs bilir ki, məsələ belə deyil. Məsələ ondan ibarətdir ki, vətəndaşlarımız onları əhatə edən təbii mühitə münasibətdə kifayət qədər etinasızdırlar. Təəssüf ki, buna hər addımda rast gəlirik, insanlarımız yaşadığı binanın, məhəllənin, şəhərin zibillənməsində bilavasitə iştirakçıdırlar və hətta, birbaşa iştirakçıdırlar. Hər birimiz hər an, hər dəqiqə şəhərin bütün hissəsində tullantını müəyyən edilməmiş yerə atan minlərlə vətəndaşımıza rast gəlirik. Hələ hərəkətdə olarkən avtomobillərdən atılan tullantıları demirik.

Milli Parkların, xüsusən milli fəxrimiz saydığımız Göygölün, gözəl təbiət mənzərəsinin də zibillənməsi təbii ki, burdan qaynaqlanır. Çünki Göygölə gedənlər öz vətəndaşlarımızdır. Yəqin çoxları bilir ki, dünyanın heç bir yerində istər milli park olsun, istərsə şəhər parkları və ya küçələri, bütün marşrut boyu hər 50 və ya 100 metrdən bir zibil qabı qoyulmur, yalnız dayanacaq olan yerlərdə və ya müvafiq intervallara əsasən konteynerlər yerləşdirilir və insanlar ondan uzaqda belə yaranan tullantılarını gətirib məhz orada boşaldırlar.

Bununla belə, Göygöldə baş verənlər nazirlik əməkdaşlarını məsuliyyətdən uzaqlaşdırmır. Baxmayaraq ki, ərazidə kifayət qədər zibil qabları qoyulub, tullantıların atılmasını qadağan edən nişanlar və plakatlar vurulub. Başqalarının biabırcasına səpələdiyi tullantıları toplamaq vəzifə borcumuz deyil. Lakin gözəl təbiətimiz qarşısında hiss etdiyimiz vətəndaşlıq məsuliyyəti məsuliyyətsiz insanlar tərəfindən harda gəldi atılmış, yəni zibilin atılması qadağan olunan yerlərə səpələnmiş zibilləri təmizləməyə bizi vadar edir və bunda da heç bir qəbahət yoxdur. Vətənə xidmət, həm də hər bir kəsin ona tapşırılan sahəyə, işə məsuliyyətlə yanaşmasıdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi