Son illər havanın orta çoxillik temperaturunun artdığı müşahidə olunur.
"Report" xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.
Onun sözlərinə görə, 2007-ci ildən 2023-cü ilə qədər aparılan hidrometeoroloji müşahidələr əsasında ölkədə havanın orta çoxillik temperaturu 1.3 dərəcə normadan yüksək olub: "Son 50 il ərzində respublika üzrə ən isti gün 2 avqust 2000-ci il tarixində Naxçıvanın Culfa və Ordubad rayonlarında 46 dərəcə, Bakı və Abşeron yarımadasında isə 1 iyul 2018-ci il tarixində Maştağada 44.5 dərəcə, Bakıda 42.7 dərəcə qeydə alınıb. Son 50 il ərzində ən soyuq günlər isə ölkə üzrə 28 dekabr 2002-ci il tarixində Naxçıvan şəhərində 30 dərəcə, Bakı və Abşeron yarımadasında 8 fevral 2012-ci il tarixində 11 dərəcə müşahidə olunub”.
N.Mahmudov qeyd edib ki, son dövrlərdə təhlükəli atmosfer hadisələrinin artım tendensiyası müşahidə olunur: "Belə ki, sel-daşqın hadisələrinin sayının artmasını buna misal göstərmək olar. Son dövrlərdə çaylarda baş verən sel hadisələrinin sayında əhəmiyyətli artım müşahidə olunur. Müqayisə üçün deyə bilərik ki, ötən ilin may, iyun və iyul ayları ərzində ümumi olaraq 87 sel hadisəsi qeydə alınmışdısa, bu ilin analoji ayları üzrə 102 sel hadisəsi baş verib. Son 50 ildə ən çox sel hadisəsi bu il qeydə alınıb”.