“Global Media Group” “Xəzəri qoruyaq” ekoloji aksiyasına qoşulub

“Global Media Group” “Xəzəri qoruyaq” ekoloji aksiyasına qoşulub Hər il sentyabrın 21-də qeyd edilən Beynəlxalq Sahilyanı Təmizlik Günü çərçivəsində Novxanı çimərliyində “Xəzəri qoruyaq” şüarı ilə ekoloji aksiya keçirilib.
Ekologiya
21 Sentyabr , 2024 16:26
“Global Media Group” “Xəzəri qoruyaq” ekoloji aksiyasına qoşulub

Hər il sentyabrın 21-də qeyd edilən Beynəlxalq Sahilyanı Təmizlik Günü çərçivəsində Novxanı çimərliyində “Xəzəri qoruyaq” şüarı ilə ekoloji aksiya keçirilib.

“Report” xəbər verir ki, tədbirin rəsmi tərəfdaşı kimi tərkibinə “Report” İnformasiya Agentliyi, “Media.az”, “Oxu.az”, “Baku.ws” portalları, “Baku TV” telekanalı, “Kaspi” qəzeti kimi media strukturlarının daxil olduğu “Global Media Group” çıxış edib.

Tədbir özəl sektorun, dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının və könüllülərin dəstəyi ilə “Coca-Cola” şirkəti tərəfindən təşkil olunub.

Aksiyanın keçirilməsində məqsəd Xəzər dənizinin sahillərini zibildən təmizləmək və ictimaiyyətin diqqətini ekoloji problemlərə cəlb etməkdir.

Tədbirin açılışında çıxış edən Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bildirib ki, artıq 15 ildir ölkə vətəndaşları və yerli şirkətlər bu aksiyada fəal iştirak edirlər.

“Xəzər Həftəsinə birgə səylərlə başlamağımız çox simvolikdir. Noyabrda Bakıda çox vacib hadisə - çoxdan hazırlaşdığımız COP29 konfransı baş tutacaq. Əminəm ki, Azərbaycan bu beynəlxalq arenada layiqincə təmsil olunacaq. Bütün tərəfdaşlarımıza göstərdikləri dəstəyə görə təşəkkürümü bildirmək istəyirəm”, - nazir deyib.

“Global Media Group”un İdarə Heyətinin üzvü Rövşən Nizamov çıxışında dünyanın iqlim dəyişikliyi, ətraf mühitin çirklənməsi, təbii sərvətlərin sürətlə tükənməsi kimi qlobal problemlərlə üzləşdiyi şəraitdə aktiv fəaliyyətlərin zəruriliyini qeyd edib.

“Global Management”in marketinq direktoru Laura Seyidbəyova da bu cür təşəbbüslərdə iştirakın vacibliyini vurğulayıb və ona ətraf mühitin mühafizəsinə yönəlmiş layihələrdə fəal iştirak etməklə əhalinin bu mövzuda maarifləndirilməsi ilə öz töhfəsini verməyə çalışdıqlarını qeyd edib.

“Biz çox şadıq ki, “Global Media Group” bu gün bu ekoloji aksiyada fəal iştirak edir və Xəzərimizin zibillərdən təmizlənməsi istiqamətində daha bir addım atır”, - o deyib.

“Coca-Cola” şirkətinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Elşad Fərzəliyev ətraf mühitin qorunmasına verdiyi töhfəyə görə bütün iştirakçılara və könüllülərə təşəkkürünü bildirib: “Çimərliklərin təmizlənməsi kampaniyasına sentyabrın əvvəlində başlanılıb. Könüllülərə, eləcə də kampaniyaya qoşulan bütün şirkətlərə təşəkkür etmək istəyirəm. Bu, ətraf mühit üçün çox vacibdir”.

Qeyd edək ki, “Global Media Group” 2017-ci ildən fəaliyyət göstərən media-holdinqdir. “Global Media Group”a Azərbaycanda və ölkə xaricində fəaliyyət göstərən televiziya kanalları, informasiya agentlikləri, xəbər portalları, qəzetlər və digər şirkətlər daxildir.

“Global Media Group” haqqında ətraflı məlumat əldə etmək üçün https://gmg.az saytına və ya şirkətin müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə ("Facebook" | "Instagram" | "LinkedIn") müraciət edə bilərsiniz.

Son xəbərlər

Orphus sistemi