Yuxarı
    Bağlamaq

    Nazirlik: Onların məqsədi şantaj, böhtan və təhqir yolu ilə pul qazanmaqdır

    Məlumatda qeyd olunub ki, Zaqatala meşəsi ilə bağlı məlumat həqiqəti əks etdirmir© Report

    Bakı. 21 iyun. REPORT.AZ/ "Son günlər şər-böhtanla gündəmə gəlmək istəyən, reketçiliklə məşğul olan bir qrup şəxs tərəfindən bəzi saytlarda və sosial şəbəkədə Zaqatala meşələri barədə həqiqəti əks etdirməyən köhnə yazılar dərc olunmaqla Ekologiya və Təbii Sərvətlər Nazirliyi və onun rəhbərliyi barədə tamamilə böhtan və şantaj xarakterli məlumatlar yayılır, qərəzli şəkildə ictimai fikrin çaşdırılmasına çalışılır".

    "Report" xəbər verir ki, bu fikirlər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaydığı məlumatda bildirilib. 

    Məlumatda qeyd olunub ki, Zaqatala meşəsi ilə bağlı məlumat həqiqəti əks etdirmir: "Çünki Zaqatala meşələri haqqında eyni məzmunlu yazı bu ilin fevral ayında saytlarda dərc olunmuşdu. Belə ki, həmin vaxt Zaqatala Meşə Mühafizəsi və Bərpası Müəssisəsində araşdırma aparılıb və sözügedən müəssisədə meşələrin qorunub mühafizə olunması sahəsində bir sıra nöqsanlara yol verildiyi müəyyən edilib. Meşələrin qorunub mühafizə olunmasını qeyri-qənaətbəxş təşkil edərək əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə, işçilərin fəaliyyətinə nəzarəti lazımi səviyyədə həyata keçirmədiyinə görə Zaqatala Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru, meşəbəyi, meşəbəyi köməkçisi və meşə gözətçiləri tutduqları vəzifədən azad edilib, müəssisənin digər cavabdeh meşə mühafizə işçiləri barəsində isə ciddi intizam tənbehi tədbirləri görülüb".

    "Belə şəraitdə, qanun pozuntularına yol verən meşə müdiri barəsində tədbir görüldükdən, həmin müəssisədə lazımi təmizləmə işləri aparıldıqdan sonra köhnə, vaxtı keçmiş məlumatların yenidən gündəmə gətirilməsində görəsən məqsəd nədir? Görünür ki, onların yalnız bir məqsədi var, şantaj, böhtan, təhqir yolu ilə reketçilik etmək, pul qazanmaq və s. Bildiririk ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi mütəmadi olaraq qanun pozuntusu ilə bağlı kənardan daxil olan hər hansı məlumatdan asılı olmayaraq Meşə Mühafizəsi və Bərpası Müəssisələrində meşələrin mühafizə vəziyyətini araşdırır və vaxtaşırı ictimaiyyət bu barədə məlumatlandırılır", -deyə məlumatda vurğulanıb. 

    Nazirlikdən bildirilib ki, ümumiyyətlə mütəmadi aparılan yoxlamaların nəticələri barədə sonuncu dəfə mayın 2-də nazirliyin rəsmi saytında məlumat yerləşdirilib və KİV-də yayılıb. Zaqatala ilə bərabər Masallı, Oğuz, Şabran, Qəbələ və Qusar Meşə Mühafizəsi və Bərpası Müəssisələrində də araşdırmalar aparılıb və sözügedən müəssisələrdə də bir sıra nöqsanlara yol verildiyi müəyyən edilib: "Belə ki, Qəbələ, Masallı və Qusar Meşə Mühafizəsi və Bərpası Müəssisələrinin direktorları tutduqları vəzifədən azad olunub, Şabran və Oğuz Meşə Mühafizəsi və Bərpası Müəssisələrinin direktorları barəsində isə ciddi intizam tənbehi tədbirləri görülüb". 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi