Yuxarı
    Bağlamaq

    ETSN: Xəzərin bəzi çimərlik sahələrində mikrobioloji baxımdan çirklənmə qeydə alınıb

    Sumqayıt, Qaradağ rayonu Sahil qəsəbəsinin “Sahil” və Səbail rayonunun “Şıx” çimərlikləri istifadəyə yararlı deyil

    Bakı. 31 may. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi Xəzər dənizinin Azərbaycana mənsub sahil zolağında, çimərlik zonalarında və mühüm rekreasiya əhəmiyyətli qumsallıqlarda ekoloji vəziyyətin monitorinqini həyata keçirib. Artıq bu ilin may ayında Xəzər dənizinin sahilində təmizləyici qurğuların quraşdırıldığı ərazilərdə, eləcə də digər çimərlik sahələrində aparılan mikrobioloji təhlillərin nəticələri məlum olub.

    Bu barədə "Report"a nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib.

    O bildirib ki, Abşeron yarımadasının sahil zolağında modul tipli təmizləyici qurğular quraşdırılmadan əvvəl dənizdən götürülən su nümunələri üzərində aparılmış təhlillər zamanı mikrobioloji baxımdan bağırsaq çöpü bakteriyalarının və şərti patogen E.coli-nin miqdarı normadan dəfələrlə artıq təyin edilib: "Lakin ETSN tərəfindən modul tipli təmizləyici qurğular quraşdırıldıqdan sonra həmin ərazilərdə mütəmadi keçirilən monitorinqlər nəticəsində çirklilik dərəcəsinin tədricən azalması qeydə alınıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən birgə keçirilən monitorinq zamanı dənizdən götürülən su nümunələri üzərində aparılan laborator təhlillərin nəticələri qeyd olunan sahələrdə bağırsaq çöplərinin və şərti patogen E.coli-nin miqdarının minimum həddə çatmasını təsdiq edir. Göründüyü kimi, son illər ərzində qeyd olunan sahələrdə bağırsaq çöplərinin miqdarı norma həddinə çatıb".

    İ.İbrahimovanın sözlərinə görə, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən modul tipli təmizləyici qurğular quraşdırılmış qəsəbələrin sahil zolağında aparılan son tədqiqatların nəticələri bunu deməyə əsas verir ki, qeyd olunan qəsəbələrin sahil zolağındakı çimərlik sahələri (Sumqayıt, Qaradağ rayonu Sahil qəsəbəsinin “Sahil” və Səbail rayonunun “Şıx” çimərliklərindən başqa) yay mövsümü ilə əlaqədar çimərlik kimi istifadəyə yararlıdır.

    O xatırladıb ki, Azərbaycan Respublikası Xəzəryanı dövlətlər arasında dənizin və onun akvatoriyasının çirklənmədən qorunması üzrə kompleks tədbirlər görən yeganə ölkədir.

    Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanmış 2007–ci il 20 iyun tarixli 2244 №–li “Xəzər dənizinin çirklənmədən qorunması üzrə bəzi tədbirlər haqqında” sərəncama əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Abşeron yarımadasının kanalizasiya şəbəkəsi olmayan Bilgəh, Buzovna, Mərdəkan, Pirşağı qəsəbələrinin sahil zolağında və “Amburan” çimərliyi ərazisində, eləcə də Novxanı və Corat bağlarının sahil boyu ərazilərində beynəlxalq standartlara cavab verən 17 ədəd modul tipli çirkab sutəmizləyici qurğu quraşdırılıb.

    Nazirlik tərəfindən modul tipli çirkab sutəmizləyici qurğuların quraşdırıldığı ərazilərdə aparılan monitorinqin nəticələrinə görə 2007-ci illə müqayisədə mikrobioloji baxımdan çirklənmənin qarşısı alınıb. Artıq Abşeron yarımadasının şimal zonasındakı ərazilərdən dənizə axıdılan tullantı suları idarə olunur. Belə ki, təmizləyici qurğuların istismarı müddətində dənizdə mikrobioloji baxımdan çirklənmənin dərəcəsi tədricən azalmağa başlayıb, son illər ərzində qeyd olunan sahələrdə bağırsaq çöplərinin və şərti patogen bakteriya olan Escherichia coli-nin (E.coli) miqdarı minimum həddə çatıb. Aparılan tədqiqatların nəticələrinə görə qeyd olunan çimərlik ərazilərində çirklənmə dərəcəsi artıq norma daxilindədir. Lakin belə qurğuların quraşdırılmadığı məntəqələrdə ötən il olduğu kimi (Sumqayıt, Səbail rayonunun Şıx və Qaradağ rayonunun Sahil qəsəbəsinin çimərlik ərazilərində) bu il də mikrobioloji baxımdan çirklənmə qeydə alınıb.

    Qeyd olunan bu ərazilərdə böyük həcmlə axıdılan tullantı suları müvafiq norma və standartlara uyğun təmizlənmədən və zərərsizləşdirilmədən dənizə axıdıldığına görə sözügedən ərazilərdə bağırsaq çöpü bakteriyalarının və şərti patogen E.coli-nin miqdarı normadan artıq müəyyən olunub.

    s/s Rayonun adı Çimərliyin adı Mikrobioloji çirklənmə dərəcəsi, bağırsaq çöpü bakteriya qruplarının miqdarı (ədəd/litr), norma göstəricisi < 5000
    2007-ci il 2008-ci il 2009-cu il 2010-cu il 2011- ci il 2012- ci il 2013-cü il 2014- cü il 2015- ci il 2016- cı il
    1 Sumqayıt Sumqayıt 11 500- 260 000 çirkli 11 500- 260 000 çirkli 10 300- 250 000 çirkli 11 500-320 700 çirkli 10 800-205 700 çirkli 10 500-195 200 çirkli 36 000-198 000 çirkli 321 000-133 000 çirkli 410 000-145 000 çirkli 520 000- 153 000 çirkli
    2 Binəqədi *Novxanı 10 500-19300 çirkli 9800-17000 çirkli 7600- 8900 çirkli normal normal normal normal normal normal normal
    3 Sabunçu *Pirşağı 12600-21000 çirkli normal normal normal normal normal normal normal normal normal
    4 Sabunçu *Nardaran 8700-14800 çirkli normal normal normal normal normal normal normal normal normal
    5 Sabunçu *Bilgəh 7800-13900 çirkli normal normal normal normal normal normal normal normal normal
    6 Xəzər *Zaqulba 9100-12000 çirkli normal normal normal normal normal normal normal normal normal
    7 Xəzər *Buzovna 8800-12800 çirkli normal normal normal normal normal normal normal normal normal
    8 Xəzər *Mərdəkan 9000-11000 çirkli normal normal normal normal normal normal normal normal normal
    9 Xəzər *Şüvəlan 8100-12900 çirkli normal normal normal normal normal normal normal normal normal
    10 Suraxanı Hövsan 17 900-24 000 çirkli 15 500 - 13 000 çirkli 14 300- 11 000 çirkli normal normal normal normal normal normal normal
    11 Səbail Şıx 8 700- 16 200 çirkli 7 700- 14 300 çirkli 7 200- 13 500 çirkli 6 700- 12 900 çirkli 6 500- 11 800 çirkli 6 600- 11 900 çirkli 69 000- 788 000 çirkli 71 000- 38 000 çirkli 263 000- 34 000 çirkli 284 000- 46 000 çirkli
    12 Qaradağ Sahil 9 600- 13 000 çirkli 7 600- 11 400 çirkli 7 500- 10 500 çirkli 5 800- 15 300 çirkli 5 500- 15 000 çirkli 5 600- 15 100 çirkli 24 000- 71 000 çirkli 790 000- 350 000 çirkli 398 000- 150 000 çirkli 420 000- 167 000 çirkli

    Qeyd: < 5000 – normal, >10000 – çirkli

    *- lokal modul tipli təmizləyici qurğuların mövcud olduğu yerlər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi