Yuxarı
    Bağlamaq

    ETSN: Xəzərin Azərbaycana aid hissəsində suiti ölümünün qeydə alındığı ərazilərdə müşahidələrə başlanılıb

    Təxminən 2 həftə davam edəcək araşdırmalardan və təhlillərdən sonra suitilərin ölüm səbəbi məlum olacaq

    Bakı. 23 oktyabr. REPORT.AZ/ Xəzər dənizinin Azərbaycana aid hissəsinin şimal sahillərində suitilərin ölümü hallarına rast gəlinməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan məlumatın araşdırılması məqsədilə nazirliyin aidiyyəti qurumlarının mütəxəssisləri dərhal suiti ölümünün qeydə alındığı ərazilərdə müşahidələrə başlayıb. Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

    Məlumata görə, hələlik Xəzər suitilərinin dəqiq ölüm səbəbi bilinmir. Heyvanların cəsədlərindən götürülən nümunələr ümumi analiz olunması üçün müvafiq laboratoriyaya göndərilib.

    Qeyd edək ki, fəsil dəyişmələri ilə müşayiət olunan miqrasiya proseslərinin izlənilməsi və illik elmi-praktiki müşahidələrin nəticələrinə görə, antropogen və təbii təsirlərdən nisbi azalma qeydə alınsa da, suitilərin Xəzərdə, o cümlədən də dənizin Azərbaycan hissəsində fəsillərarası hərəkətinə tez-tez rast gəlinir.

    Mütəxəssislər hesab edir ki, Xəzər dənizinin Azərbaycan hissəsinə aid şimal sahillərində suitilərin görünməsi buna sübutdur. Digər tərəfdən, bu günlərdə Abşeron yarımadasının Buzovna və Mərdəkan sahilyanı zonasında bir neçə suiti cəsədinin tapılması bir tərəfdən populyasiyanın bərpasından xəbər verməklə yanaşı, eyni zamanda yenə də suitilərin təhlükədə qalmasının göstəricisi sayıla bilər.

    Qeyd edək ki, suiti cəsədləri üzərində aparılan ilk vizual müşahidələr leşlərin haldan düşmüş vəziyyətdə, mədəsi boş olan yaşlı fərdlər olduğunu göstərib. Təxminən 2 həftə davam edəcək araşdırmalardan və təhlillərdən sonra suitilərin ölüm səbəbi məlum olacaq.           

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi