Yuxarı
    Bağlamaq

    ETSN-in xidmət rəisi işdən çıxarılıb, bir neçə rəhbər işçisinə xəbərdarlıq edilib

    Ekologiya və Təbii Sərvətlər Nazirliyində kollegiya iclası keçirilib

    Bakı. 14 oktyabr. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyində kollegiya iclası keçirilib. Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən bildirilib.

    İclasda çıxış edən nazir Hüseyn Bağırov ekologiya və ətraf mühitin mühafizəsi sahəsində görülmüş işlər, qazanılmış nailiyyətlər və qarşıda duran vəzifələr barədə məlumat verib. 

    İclasda məruzələr dinlənilib və müzakirələrdə müvafiq qurumlarda görülən müsbət işlərlə bərabər nöqsanlar da qeyd olunub. Eyni zamanda, ətraf mühitin mühafizəsi sahəsində bir sıra ərazi idarələrinin fəaliyyətinə irad tutulub, xüsusən sənaye əhəmiyyətli şəhərlərdə yaşıllıqların qorunması və ekoloji mühitin sağlamlaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin istənilən səviyyədə olmadığı bildirilib. 

    Meşəbərpa işlərinin bəzi müəssisələrdə qənaətbəxş olmadığı və həmin müəssisələrin bu istiqamətdəki fəaliyyətində təcili dönüş yaradılması barədə tapşırıqlar verilib. Xüsusi mühafizə olunan ərazilərdə mühafizə rejiminin daha da gücləndirilməsi və gələcək illərdə ölkənin su hövzələrində, xüsusilə Xəzər dənizində bioresursların inkişafını əks etdirən proqnozların daha da təkmilləşdirilməsi ilə bağlı iradlar söylənilib. 

    Nazir H.Bağırov bir neçə tabeli qurum rəhbərinə irad və xəbərdarlığını bildirib. Ölkə başçısı İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə dair son müşavirədə verdiyi tapşırıqların təcili icrasını və kollegiyaya təqdim olunan qərar layihəsinin dəyişdirilərək göstərilən bütün irad və xəbərdarlıqların yenidən kollegiya iclasının qərar layihəsinə salınmasını tapşırıb.

    Kollegiya iclasının qərarı ilə işlərində yol verdikləri nöqsanlara görə ərazi ekologiya və təbii sərvətlər şöbələrinin, meşə mühafizəsi və bərpası müəssisələrinin, xüsusi mühafizə olunan təbiət ərazilərinin bir neçə rəhbər işçisinə xəbərdarlıq edilib. Nöqsanlara yol vermiş müəssisə rəhbərlərinin izahatları dinlənilib, qısa müddət ərzində onların aradan qaldırılması üçün departament və onların tabeli qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verilib, bir sıra Ərazi Ekologiya və Təbii Sərvətlər şöbələrinin fəaliyyəti ilə bağlı kompleks araşdırılma aparılması tapşırılıb. Vəzifəsinin icrasında kifayət qədər prinsipiallıq göstərməyən və işində nöqsanlara yol verən Ovçuluq Təsərrüfatlarının İdarə Edilməsi və Ovçuluq Fəaliyyətinə Dövlət Nəzarəti Xidmətinin rəisi tutduğu vəzifədən azad olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi