ETSN-də arıçılıqla məşğul olan sahibkarlarla görüş keçirilib

ETSN-də arıçılıqla məşğul olan sahibkarlarla görüş keçirilib Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) Regional Meşə Təsərrüfatı Mərkəzlərinin xidməti ərazisində arıçılığın inkişafına dəstək məqsədilə sahibkarlarla görüş keçirilib.
Ekologiya
17 İyul , 2019 15:23
ETSN-də arıçılıqla məşğul olan sahibkarlarla görüş keçirilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) Regional Meşə Təsərrüfatı Mərkəzlərinin xidməti ərazisində arıçılığın inkişafına dəstək məqsədilə sahibkarlarla görüş keçirilib.

“Report”un xəbərinə görə, görüşdə Nazirliyin əməkdaşları, Azərbaycan Arıçılar Assosiasiyasının nümayəndələri və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak iştirak edib.

Arıçılığın ənənəvi kənd təsərrüfatı sahəsi olması, arıların meşədə saxlanılmasının təkcə arılar üçün deyil, həm də meşə bitkiləri üçün əhəmiyyəti barədə çıxışlar edilib, sahibkarların təklifləri dinlənilib.

Görüşdə ölkədə arıçılığın inkişaf etdirilməsi ilə bağlı məqsədyönlü tədbirlərin həyata keçirildiyi, dövlət meşə fondu və xüsusi mühafizə olunan təbiət ərazilərində arıların qidalanması üçün zəngin bitki örtüyünün olduğu nəzərə alınaraq, heç bir ödəniş olunmadan, müvafiq qeydiyyatdan keçməklə arı ailələrinin yerləşdirilməsi barədə qarşılıqlı razılığa gəlinib.

Nazirliyin Meşələrin İnkişafı Departamentinin direktoru Ağaqardaş Qaraşov deyib ki, Nazirlik arıçılığın inkişafına dəstək verir: "Biz arıçılığın inkişafında maraqlıyıq. Bunun üçün bütün bölgələrdə şərait var. Azərbaycanda arıçılığın inkişafı üçün meşə örtüyü kifayət qədərdir. Arıçılar həmin meşə sahələrində arılarını saxlaya, yerdəyişmə apara bilərlər. Təbii ki, yerdəyişmə zamanı meşə ərazilərinə ziyan vurulmamalıdır. Bunun üçün heç bir ödəniş nəzərdə tutulmur. Arıçılıq fəaliyyəti ilə bağlı meşə ərazilərində heç bir məhdudiyyət yoxdur. Meşə Fondu sahələrində aqrobağlar salınır. Hazırda, ümumilikdə, ölkə üzrə 5 mindən artıq hektar ərazidə meyvə bağları salınıb. Sahibkarlar həmin sahələrdən istifadə edə bilərlər. Bu ilin payızında da 10 min hektar aqrobağın salınması nəzərdə tutulur”.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak qeyd edib ki, arıçılıq sahəsində məhsuldarlıq artırılmalıdır: “Arıçılığın inkişafı ilə bağlı stategiya olmalıdır. FAO bu sahənin inkişaf etdirilməsi üçün dəstək verməyə hazırdır”.

Azərbaycan Arıçılar Assosiasiyanın sədri Bədrəddin Həsrətov isə deyib ki, meşə salınarkən nektar və çiçək tozu verən ağaclara daha çox üstünlük vermək lazımdır: “Demirik şam və digər ağaclar əkilməsin. Sadəcə, üstünlüyü çiçək tozu verən ağaclara vermək lazımdır. Biz meşələrin salınmasında, qorunmasında birlikdə çalışmalıyıq. Çalışırıq ki, bal potensialı artsın. Ölkənin balla təmin edilməsi ilə yanaşı, ixrac da etməliyik”.

B.Həsrətov bildirib ki, Azərbaycanda 500 mindən çox arı ailəsi var: “Bu, son illərdə artıb. Üç il əvvələ baxsaq, görərik ki, ölkədə cəmi 250 min arı ailəsi vardı. Arı ailəsi artdıqca, yem bazası çatışmır. Bunun üçün meşələr salmalıyıq. Bu il bazara 5 min ton balın çıxarılması gözlənilir, bununla da daxili bazarın təlabatı təmin ediləcək”.

O, Azərbaycana idxal edilən bal üçün nəzərdə tutulan rüsumun artırılması təklifini edib: “Ölkədə arıçılar satış problemi ilə üzləşirlər: “Ölkəyə xaricdən ucuz bal daxil olur. Belə olan halda, Azərbaycan balının da qiyməti enir. Biz bazarı balla təmin edə bilərik, ona görə də idxal olunan balın rüsumu artırılsa yaxşı olar”. B.Həsrətov arıçılıq sahəsindəki digər problemlərə də toxunub: “Seleksiya-damazlıq işinə diqqət artırılmalıdır. Bu, ölkədə çox zəifdir. Arıların cins tərkibinin yaxşılaşdırılması üçün təkliflər vermişik. Arı xəstəlikləri ilə məşğul olan laboratoriyalarımız yoxdur. Arıçı arısının hansı xəstəlikdən məhv olmasının səbəbini bilməlidir, buna uyğun da tədbir görməlidir. Bilirsiniz ki, arıçı həm də baytar rolunu oynayır, çünki arının həkimi yoxdur...”

Son xəbərlər

Orphus sistemi