"Bu ilin 5 ayında Milli parklarda əvvəlki illərlə müqayisədə rekord sayda ziyarətçi qəbul etmişik".
"Report" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova deyib.
Onun sözlərinə görə, insanları birləşdirən milli dəyərlərdən biri də ətraf mühitin və təbiətin qorunmasıdır: "Əsrarəngiz təbiətimiz, xüsusilə də milli parklarımız bizim milli sərvətimiz, milli xəzinəmizdir. Çox sevinirik ki, digər dəyərlərimiz ətrafında birləşdiyimiz kimi bu işdə də artıq birlik nümayiş etdirməkdəyik. Qürurlanırıq ki, vətəndaşlarımız təbii gözəlliklərə, təbiət turizminə, onun qorunmasına daha çox diqqət yetirir, milli parklara, təbiət ərazilərinə səyahətlər kütləviləşir".
İ.İbrahimova milli parklarda yerli turistlərin sayının ilbəil artdığını söyləyib: "Təbiət abidələrimizin təbliği, tanıdılması işinin də əhatəsi genişlənib. Bloqerlər, videoqrafların üz tutduğu tematikaların çoxu gözəl təbiət mənzərələrimizin tərənnümünə həsr olunur. Milli parklara gələn turistlər də təbiət mənzərələrini çəkib, heyrətlərini paylaşır".
Nazirlik sözçüsü hər kəsə ümumdünya əhəmiyyətli Ağgöl Milli Parkına getməyi, eləcə də çox zəngin biomüxtəlifliyə malik olan bu məkanın unikallığını görməyi tövsiyə edib.
ETSN rəsmisi qeyd edib ki, Azərbaycan xüsusi mühafizə altında olan ərazilərin miqyasına görə dünyanın ən qabaqcıl ölkələri ilə bir sırasındadır.
İ.İbrahimova bu gün 5 iyun Ümumdünya Ətraf Mühitin Mühafizəsi günü olduğunu xatırladıb: "İstəyimiz odur ki, bu gün mühafizə olunan təbiət ərazilərimizin miqyası ilə öyünürüksə, ən yaxın zamanda ekoloji şüurumuzu da qabaqcılların səviyyəsinə çatdıraq, bundan sonra onunla da öyünə bilək. Yəni təbiət ərazilərimizi təmiz saxlamaq, tullantıları zibil qutularına atmaq mədəniyyətini inkişaf etdirmək, təbiətə zərər verməmək, bir sözlə, milli xəzinəmizə sahib çıxmaq vaxtıdır. Əminik ki, birlikdə bunun öhdəsindən gəlirik və bundann sonra da gələcəyik. Ətraf mühitin mühafizəsində bir olmalı və birlik nümayiş etdirməliyik".