ETSN: Apreldə dağətəyi rayonlara qar yağması nadir hadisədir

ETSN: Apreldə dağətəyi rayonlara qar yağması nadir hadisədir Aprel ayı onun iqlim xüsusiyyətlərinə görə ilin ən rəngarəng ayıdır. Son onilliklərdə iqlim dəyişmələri fonunda istiləşmə tendensiyasının üstünlüyünə baxmayaraq, ayrı-ayrı illərdə fərqli proseslər müşahidə edilir.
Ekologiya
15 Aprel , 2020 16:02
ETSN: Apreldə dağətəyi rayonlara qar yağması nadir hadisədir

"Aprel ayı onun iqlim xüsusiyyətlərinə görə ilin ən rəngarəng ayıdır. Son onilliklərdə iqlim dəyişmələri fonunda istiləşmə tendensiyasının üstünlüyünə baxmayaraq, ayrı-ayrı illərdə fərqli proseslər müşahidə edilir". 

Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, bu ilin aprel ayının birinci yarısında aprel ayı üçün nadir hadisə olan dağətəyi rayonlarda belə qar qeydə alınır:

"Havanın temperaturu isə orta hesabla iqlim normasından 1,5 dərəcə aşağıdır. Havaların qeyri-sabit keçməsi ilə bağlı yaranan suallara aydınlıq gətirmək üçün tarixi məlumatlara nəzər salaq. İlk öncə, son onilliyin təhlili göstərir ki, 5 il havanın temperaturu normadan 4 dərəcəyədək yüksək, 3 dəfə 1,4 dərəcə aşağı, iki il isə norma daxilində olub. Yüzillik dövr üzrə isə ən anomal soyuq keçən aprel ayı 1954-cü və 1987-ci illərdə olub, havanın orta aylıq temperaturu 9 dərəcəyə enib. Çoxillik meteoroloji müşahidələrə görə Bakı şəhəri üçün aprel ayında ən yüksək temperatur göstəricisi 32 dərəcə isti, ən aşağı temperatur isə 0,4 dərəcə şaxtadır. Bununla da sərhəd göstəricilər arasında fərq 30 dərəcədən çoxdur". 

Məlumatda qeyd olunub ki, aprel ayını onun iqlim xüsusiyyətlərinə görə ilin ən rəngarəng və sürpizlərlə zəngin olan aylarından biri kimi səciyyələndirmək olar: "Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, keçən əsrin sonunda - 1998-ci il aprelin 14 və 24-də havanın temperaturu rekord həddinə çataraq Abşeron yarımadasında 35 dərəcəyədək, Naxçıvan MR-da və ayrı-ayrı aran rayonlarında 36-38 dərəcəyədək yüksəlib. 2012-ci il aprelin 10-da Bakıda isə 1998-ci ilin sutkalıq rekord göstəricisi təkrarlanıb, yenidən 32° isti olub. Aprel ayında ən soyuq hava 1911-ci il aprelin 01-də qeydə alınmışdır. Həmin gün Bakıda havanın minimal temperaturu 0.4° şaxta olmuşdur. Adətən aprelin 20-dən sonra yağışlar leysan xarakterli olur və tez-tez şimşəklə müşayiət edilir".

Son xəbərlər

Orphus sistemi