Artıq 1 ildir ki, "Environmental protection first" koalisiyası öz fəaliyyətini icra edir. Koalisiya son 1 il ərzində Ermənistan ərazisində fəaliyyət göstərən dağ-mədən sənayesi müəssisələrinin Qafqazın ətraf mühitinə vurduğu ziyanı diqqətlə izləməkdədir.
"Report" xəbər verir ki, bunu "Environmental protection first" koalisiyasının həmtəsisçisi Amin Məmmədov Ermənistanın qanunsuz dağ-mədən sənayesi fəaliyyətinin Azərbaycanın və bütövlükdə Cənubi Qafqazın ekologiyasını zəhərlənməsi barədə keçirilən brifinqdə deyib.
O bildirib ki, koalisiyaya üzv olan təşkilatlar tərəfindən bu istiqamətdə aktiv fəaliyyət həyata keçirilməkdədir: "2023-cü ilin yay aylarında təsis olunan koalisiya ilk olaraq Ermənistanın tarixi Arazdəyən adı daşıyan Naxçıvanla həmsərhəd ərazidə metallurgiya zavodu tikmək planlarına etiraz bəyanatı ilə fəaliyyətinə başladı. Bu fəaliyyətin nəticəsi olaraq xarici investorlar tərəfindən maliyyələşməklə layihələndirilən zavodun tikintisi dayandırıldı. Azərbaycanda fəaliyyət göstərən QHT-lərin həmrəylik göstərərək buna etiraz etməsi öz rolunu oynadı. Koalisiya təsis edildikdən sonra Ermənistan ərazisində 20-dən çox nöqtədə Azərbaycanla həmsərhəd bölgələrə yaxın ərazilərdə Ermənistan Respublikası tərəfindən müxtəlif əlvan və qara metallar hasil edən sənaye müəssisələrinin peyk görüntüləri əsasında hesabat hazırlanıb. Azərbaycanda akkreditasiya olunan diplomatik nümayəndələr və media ilə birgə hesabat ictimaiyyətə açıqlanıb".
A.Məmmədov söyləyib ki, bunun ardınca 2024-cü ilin əvvəlində Amuldağ yatağında qızıl hasilatı ilə bağlı Ermənistan hökumətinin planlarına qarşı etiraz edən erməni QHT-lərinə koalisiya tərəfindən dəstək ifadə olundu: "Bu fəaliyyətin ardınca 2024-cü ilin may ayında koalisiyanın üzvü olan Azərbaycan Kartoqraflar Cəmiyyətinin hazırladığı erməni, ingilis və Azərbaycan dilində Ermənistanın dağ-mədən sənayesi xəritəsi ictimaiyyətə təqdim edildi. Bütün bu fəaliyyətlər və etirazlara baxmayaraq, Ermənistan hökuməti hələ də xarici investor şirkətlərin Ermənistan ərazisində bu fəaliyyətlərə yatırım etməsinə imkan yaradır və burada heç bir ətraf mühitə təsirin qiymətləndirilməsi hesabatlarını nə Ermənistan ictimaiyyətinə, nə də qonşu ölkələrə təqdim etməsini tələb etmir. Bununla da Ermənistan istər ictimaiyyətin məlumata əlçatanlığını təmin etməsini tələb edən qoşulduğu Orxus konvensiyasını, həmçinin transsərhəd bölgələrdə ƏMTQ-ni tələb edən Espo konvensiyasının tələblərini ciddi şəkildə pozmaqda davam edir. Bununla əlaqədar Azərbaycanın istər müvafiq dövlət qurumları, istərsə də vətəndaş cəmiyyəti tərəfindən dəfələrlə etirazlar ifadə edilmişdir".
Həmtəsisçi əlavə edib ki, Azərbaycanın müstəqil ekspertləri Ermənistanda həmin ərazilərdə fəaliyyət göstərən müəssisələrə monitorinq keçirilməsi və bu monitorinqə Azərbaycan mütəxəssislərinin cəlb edilməsini tələb edib: "Bu tələbin yerinə yetirilməsi ilə bağlı Ermənistan tərəfindən heç bir açıqlama və ya mövqe bildirilməmişdir. Koalisiya üzvləri olaraq biz bu məsələyə qəti şəkildə bir daha etirazımızı bildirir və beynəlxalq ictimaiyyətin də diqqətini bu məsələyə yönəltməklə Ermənistanın bu sahədə ciddi addım atmasını tələb edirik".
Foto: Samirə Həsənova