Turku Universitetinin (Finlandiya) alimləri orta hesabla elektromobil sürücülərinin benzin və ya dizel avtomobil sahiblərinə nisbətən daha böyük karbon izi qoyduqlarını müəyyən ediblər.
“Report” xəbər verir ki, tədqiqatın nəticələri “PLOS CLIMATE” jurnalında dərc edilib.
Araşdırmaçılar hər bir könüllünün karbon izini qiymətləndirmək üçün təxminən dörd min finlandiyalıya onların həyat tərzi, vərdişləri, ictimai nəqliyyatdan istifadə tezliyi, yaşayış yeri və avtomobil sahibliyi barədə sorğu keçiriblər.
Karbon izi birbaşa və ya dolayı yolla fəaliyyət nəticəsində yaranan bütün karbon dioksid emissiyalarının cəmi kimi müəyyən edilir. Karbon dioksidin istiliyi saxlama qabiliyyəti Yer səthinin orta temperaturunu artırır ki, bu da quraqlıq, yanğın və digər təbii fəlakətlərə səbəb olur.
Nəticələr göstərib ki, daxili yanma mühərrikli avtomobil sahiblərində ildə orta hesabla 8,05 ton CO2 və ya ekvivalent istixana qazları əmələ gəlir. Elektromobil sürücüləri isə ildə 8,66 ton zərərli tullantı istehsal edərək bir qədər daha böyük karbon izi qoyurlar.
Tədqiqatçılar güman edirlər ki, elektromobil sahiblərinin daha böyük karbon izi əsasən onların daha hərəkətli həyat tərzindən – alış-verişə, səyahətə və əyləncəyə olan sevgisindən qaynaqlanır. Alimlər həmçinin müəyyən ediblər ki, elektromobil sahibi olan ailələr adətən yüksək gəlirə malikdirlər. Bu səbəbdən onların ümumi karbon izi orta səviyyədən yuxarıdır.