Muxtar Babayev: "Ekstremal hava şəraiti üçün erkən xəbərdarlıq sistemi qurulmalıdır"

Muxtar Babayev: "Ekstremal hava şəraiti üçün erkən xəbərdarlıq sistemi qurulmalıdır" “Son dövrlər iqlimin dəyişmələrinin və onun fəsadlarının hər birimizin həyatına necə təsir etdiyi aydın şəkildə görünür"
Ekologiya
19 Fevral , 2021 13:51
Muxtar Babayev: Ekstremal hava şəraiti üçün erkən xəbərdarlıq sistemi qurulmalıdır
Muxtar Babayev

“Son dövrlər iqlimin dəyişmələrinin və onun fəsadlarının hər birimizin həyatına necə təsir etdiyi aydın şəkildə görünür. Dünyanın bir hissəsində daşqınlar və qasırğalar baş verərkən, digər bölgələrdə həddindən artıq isti hava və su çatışmazlığı hökm sürür”.

“Report” xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Türk Dünyası Meteorologiya Forumunda çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatları, xüsusilə kənd təsərrüfatı, turizm, nəqliyyat, kommunal, səhiyyə sektorları dəyişkən meteoroloji hadisələrə qarşı daha həssas və daha az dayanıqlıdır:

“Təbii fəlakətlərə meylli, həmçinin təhlükəyə dair məlumatı vaxtında vermək və ya fəlakəti effektiv şəkildə idarə etmək imkanlarına malik olmayan ölkələrdə problem daha da kəskinləşir. Məsələnin həlli, bir tərəfdən, təbii fəlakətlərə qarşı müvafiq infrastrukturun yaradılması, digər tərəfdən isə təhlükələri xəritələşdirmək, həssas nöqtələri müəyyənləşdirmək, ekstremal hava şəraitində təcili hərəkətə imkan verən erkən xəbərdarlıq sisteminin qurulması olduqca aktualdır. Hətta bir neçə dəqiqə öncə verilmiş xəbərdarlıq insanları xilas etməyə və iqtisadi itkiləri azaltmağa kömək edə bilər”.

O qeyd edib ki, dünyanı sınağa çəkən qlobal iqlim dəyişmələri çağırışlarına hazırlıqlı olmaq üçün ölkələrimizin meteorologiya xidmətləri innovativ texnologiyalara malik olmaqla biri-birini tamamlamalı, qarşılıqlı əməkdaşlıq çərçivəsində fəaliyyət göstərməlidir:

“Meteorologiya sahəsinin modernləşdirilməsi üçün dövlətimiz tərəfindən geniş imkanlar yaradılır. Əhalinin və iqtisadiyyatın hava-iqlim şəraitindən asılı olan sahələrinin meteoroloji təhlükəsizliyinin təmin edilməsi daim diqqət mərkəzində saxlanılır. Təhlükəli meteoroloji hadisələrə nəzarətin gücləndirilməsi, proqnoz və erkən xəbərdarlıq sisteminin təkmilləşdirilməsi üçün meteorologiya sahəsi modernləşdirilir”.

Azərbaycanda meteoroloji stansiyaların avtomatlaşdırıldığını, iqlim məlumatlarının idarə olunması və müasir telekommunikasiya sistemi quraşdırıldığını xatırladan M.Babayev vurğulayıb ki, meteoroloji xidmətin müasir standartlar səviyyəsinə çatdırılması üçün beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi zəruridir.

Son xəbərlər

Orphus sistemi