Bakı. 31 avqust. REPORT.AZ/ "Son 20-30 ildə iqlim dəyişmələrinin təsiri nəticəsində havanın çoxillik orta temperaturunun 1° Selsiyə yaxın artması nəticəsində ölkə ərazisinə düşən illik atmosfer yağıntılarının daha çox hissəsi buxarlanmaya sərf olunur, az hissəsi isə çaylarda suyun əmələ gəlməsində iştirak edir. Bunun nəticəsində ölkənin yerli səth su ehtiyatları əgər 1960-90-cı illərdə 10 km3-a yaxın idisə, son illərdə bu azalaraq 9 km3 düşüb".
"Report" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Ekoloji Şuranın üzvü, su məsələləri üzrə ekspert Rafiq Verdiyev brifinqdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, ölkədə içməli su tələbatını, eyni zamanda suvarma və digər sahələrdə sudan istifadəni təmin etmək üçün Azərbaycan yerli çaylarla yanaşı, transsərhəd Kür, Araz, Qanıx, Samur, Astara və s. çaylarının su ehtiyatlarından istifadə edir: "İl ərzində orta hesabla götürülən suyun miqdarı 12,5 km3 təşkil edir və gələcəkdə əhalinin sayının və suvarılan ərazinin artması ilə bağlı olaraq bu rəqəm daha da yüksək ola bilər".
R.Verdiyev bildirib ki, iqlim dəyişmələrinin təsiri və qonşu dövlətlər tərəfindən istifadə nəticəsində transsərhəd çayların su ehtiyatları da son illərdə azalıb: "1960-90-cı illərlə müqayisədə son illərdə Kür, Qanıx və Araz çaylarının su ehtiyatları 30%-ə qədər azalıb və nəticədə ölkəmizin ərazisinə bu çaylarla ildə cəmi 12-15 km3 su daxil olur. Müxtəlif iqlim ssenarilərinə görə, su ehtiyatlarımızın gələcəkdə daha da azalacağını nəzərə alaraq, bu gün həm ölkə daxilində, həm də qonşu dövlətlərlə transsərhəd səviyyədə müxtəlif addımlar atılmalı və uyğunlaşma tədbirləri həyata keçirilməlidir".
"Gələcəkdə ciddi su qıtlığı problemi ilə üzləşməmək üçün bütün su istifadəçiləri sudan səmərəli istifadə etməlidir. Su təchizatı qurğularında və məişətdə su itkilərinin qarşısı alınmalıdır. Kənd təsərrüfatında və sənayedə müasir texnologiya və suya qənaət edən avadanlıqdan istifadə edilməlidir. Eyni zamanda içməli sudan texniki məqsədlər üçün istifadənin məhdudlaşdırılması vacib məsələlərdən biridir" - ekspert qeyd edib .