Ekspert: "Fosfor bombalarının düşdüyü ərazidə heç nə salamat qala bilməz"

Ekspert: "Fosfor bombalarının düşdüyü ərazidə heç nə salamat qala bilməz" 2016-cı ildə Avropa Şurası Parlament Assambleyası təmas xəttində yaşayan azərbaycanlıların məqsədyönlü şəkildə sudan məhrum edilməsinə dair qətnamə qəbul edib.
Ekologiya
7 Noyabr , 2020 16:13
Ekspert: Fosfor bombalarının düşdüyü ərazidə heç nə salamat qala bilməz

“Azərbaycanın işğal altında olan ərazilərində 7 relikt göl böyük antropogen təsirə məruz qalıb. 560 milyon kubmetr su tutumu olan Sərsəng su anbarının qəsdən çirkləndirilməsi nəticəsində yaxın bölgələrdə yaşayan 400 minə yaxın azərbaycanlının həyatı üçün ciddi təhlükə yaranıb”

"Report"un məlumatına görə, bunu "Qafqaz Regional Ekoloji Mərkəzi"nin sədri Mələk Şükürova bildirib.

Onun sözlərinə görə, 2016-cı ildə Avropa Şurası Parlament Assambleyası təmas xəttində yaşayan azərbaycanlıların məqsədyönlü şəkildə sudan məhrum edilməsinə dair qətnamə qəbul edib.

Bundan başqa, ekspert deyib ki, bu gün ermənilər qadağan olunmuş fosfor bombalarından istifadə edib: "Bu bombaların düşdüyü ərazidə heç nə salamat qala bilməz. O cümlədən Azərbaycanın işğal olunmuş ərazilərində qəsdən törədilmiş yanğınlar nəticəsində 110 min hektardan artıq ərazi yanaraq məhv olub. İndi də ərazilərin qəsdən məhv olunması davam etməkdədir".

M.Şükürova vurğulayıb ki, ermənilərin meşələrdə söndürülməsi mümkün olmayan yanğın törətməsi ekoloji terrorun davam etdirilməsi deməkdir: "Ümumiyyətlə, isə planetimizin ekoloji durumuna qarşısıalınmaz zərərlər vurmaqla yeni növ cinayətlərə əl atılır. Bizim göndərdiyimiz müraciətlərə əfsuslar olsun ki, beynəlxalq təşkilatlar münasibət bildirmir".

Onun sözlərinə görə, erməni işğalçılarının bölgənin ekoloji təhlükəsizliyinə təhdid yaradan qanunsuz fəaliyyətləri bir çox beynəlxalq konvensiyaların, o cümlədən Ermənistanın da üzv olduğu BMT-nin bioloji müxtəliflik haqqında, səhralaşmaya qarşı mübarizə haqqında sənədlərin və beynəlxalq razılaşmalardan irəli gələn öhdəliklərin kobudcasına pozulmasıdır: “Biz bu araşdırmaları daha da genişləndirəcəyik. Bu məsələ ilə bağlı bizim təşkilat və digər QHT-lər həmin təşkilatlara müraciətlər ünvanlayacağıq. Avropa İttifaqı, Avropa ictimaiyyəti və Qərb Ermənistana öz çirkin əməllərindən əl çəkməsi ilə bağlı tələb qoymalıdır”.

"​Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı"nın sədri Mirvari Qəhrəmanlı isə deyib ki, bu yöndə monitorinqlər davam edəcək.

Onun sözlərinə görə, Ermənistanın neft-qaz kəmərləri keçən əraziləri atəşə tutması təsadüfi deyil: “Bunun ciddi fəsadlar törədəcəyini nəzərə alaraq, ərazisindən beynəlxalq neft və qaz kəmərləri keçən ölkə rəhbərlərinə, Avropa İttifaqı ölkələrinin rəhbərlərinə, kəmərlərə maliyyə vəsaitləri ayırmış beynəlxalq qurumlara, kəmərlərə sərmayə qoyan və müəyyən paya malik olan şirkətlərə müraciət edərək, Ermənistanın Azərbaycana qarşı təcavüzünü, qlobal enerji xətlərinin keçdiyi əraziləri hədəfə almasını pisləməyə və işğalçı Ermənistana qarşı təsirli tədbirlər görməyə çağırırıq. Ermənistanın bu təcavüzü təkcə Azərbaycana qarşı deyil”.

Son xəbərlər

Orphus sistemi