Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin əməkdaşlarının, Mərkəzin benefisiarları və “İnklüziv DOST” könüllülərinin, ekokönüllülərin iştirakı ilə paytaxtın Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib.
"Report" xəbər verir ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən tədbirdə ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Nigar Məmmədova da iştirak edib.
Müşfiqabad qəsəbəsinin 1 hektar ərazisində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun ağaclar – Eldar şamı, zeytun və sərv ağacları əkilib.
Ümumilikdə aksiyaya Mərkəzin həssas kateqoriyalara aid 30-dək benefisiarı, habelə 20-dən çox əməkdaşı və “İnklüziv DOST” könüllüləri qoşulub.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən ağacəkmə aksiyasının məqsədi ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların bərpası və artırılmasına töhfə verməkdir.
Tədbir “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Mərkəzin gerçəkləşdirdiyi 2-ci layihədir.