​Direktor: “Bir qrup şəxslər Şahdağ Milli Parkındakı dağları məkrli planlarına alət edir” - MÜSAHİBƏ

​Direktor: “Bir qrup şəxslər Şahdağ Milli Parkındakı dağları məkrli planlarına alət edir” - MÜSAHİBƏ “Park ərazisinə ən çox zibil tökənlər qadınlardır”
Ekologiya
17 Noyabr , 2014 11:27
​Direktor: “Bir qrup şəxslər Şahdağ Milli Parkındakı dağları məkrli planlarına alət edir” - MÜSAHİBƏ

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan Şahdağ Milli Parkının direktoru Arzu Mustafayevin “Report”a müsahibəsi

- Şahdağ Milli Parkı fəaliyyətə başladığı 2006-cı ildən indiyə qədər hansı işləri görüb və əsas istiqamətləri nə olub?

- Şahdağ Milli Parkı Azərbaycan Prezidenti İlham Əliyevin 8 dekabr 2006-cı il tarixli sərəncamına əsasən yaradılıb. 2010-cu ildən isə rəsmi fəaliyyətə başlayıb. Nəinki Azərbaycanda, hətta Cənubi Qafqazda ən böyük əraziyə malik olan Şahdağ Milli Parkı ölkənin ən əhəmiyyətli dağ və meşə landşaftını özündə birləşdirir. 130508,1 hektar sahədə yaradılan Parkın unikal təbiəti, meşələri, xüsusən dağlıq əraziləri və yüksək zirvələri ilə istər yerli, istərsə də xarici vətəndaşların diqqətini çəkdiyindən bölgəyə böyük turist marağı var. Şahdağ Milli Parkının yaradılmasında məqsəd çoxlu sayda endemik və nəsli kəsilməkdə olan növləri qorumaq, həm də böyük turizm potensialı olan ərazidə ekoturizmin inkişafını təmin etməkdən ibarətdir.

Qeyd etməliyəm ki, park 6 rayonun ərazisində yerləşir. Şabranda isə Şahdağ Milli Parkının baş ofisi var. 2011-ci ildə İsmayıllı və Pirqulu qoruğu ləğv edilərək Parka birləşdirilib. Milli Park fəaliyyəti əsasən 4 istiqamətdə - təbiəti mühafizə; elmi tədqiqat; ekoturizm; ekoloji maarifləndirmə - aparır. Əsas istiqamət isə ətraf mühitin qorunmasıdır. Hazırda ştatda 180 nəfər işçi var. Onlar da 7 rayon üzrə bölüşdürülüblər.

- Şahdağ Milli Parkına daxil olmaq istəyən turistlər hansı prosedur qaydalara əməl etməlidir?

- Milli Parkın bəzi əraziləri sərhəd zonasına yaxındır. Bu səbəbdən də turistlər parkın ərazisinə qanunvericiliyə uyğun şəkildə daxil olurlar. Ölkədə təhlükəsizlik yüksək səviyyədə qorunsa da müəyyən qaydada prosedurlar mövcuddur. Mövcud qaydalara əsasən, parkların yüksək dağlıq ərazilərinə səfər edən turistlər milli parkın müvafiq giriş və çıxış məntəqələrində qeydiyyatdan keçməli və onların əraziyə birdəfəlik girişi zamanı müvafiq sənədlər təqdim olunmalıdır. Vətəndaşlar ilk olaraq icazə məktubu ilə Dövlət Sərhəd Xidmətinə müraciət edir. Xidmət icazə məktubuna 7 və ya 10 iş günü müddətində razılıq verir. İcazə məktubu alındıqdan sonra turistlər fərdi anket vərəqələrini doldurmaqla müvafiq marşrutları seçməli, Milli Parkin giriş-çıxış qaydalarına və davranış qaydalarına əməl edəcəkləri barədə müvafiq öhdəliklər götürməlidirlər.

Ekoturizmin milli parklara giriş-çıxış qaydaları mövcuddur. Qaydalara əsasən, milli parkın meşə zolağına, yəni aşağı qurşaqda yerləşən ərazilərinə giriş 2 manatdan başlayır. Prosesi asanlaşdırmaq üçün hətta onlayn ödəmə sistemi də yaradılıb. Həmin ödəniş qəbzi artıq giriş icazəsi hesab olunur. Lakin yüksək dağlıq ərazilərdə qiymətlər dəyişir. Belə ki, əvvəllər xaricilər üçün biletlər 52, yerli vətəndaşlar üçün 26 manat təşkil edirdi. Son bir ildə isə qiymətlər hiss olunacaq dərəcədə aşağı salınıb. Hazırda xaricilər 20, yerli vətəndaşlar isə 10 manat ödəyirlər. Son illərin təcrübəsinə əsaslanaraq deyə bilərəm ki, artıq Azərbaycanda milli dağçılıq formalaşır.

- Parkda turistlərin təhlükəsizliyi hansı səviyyədə qorunur?

- Turistlərin ixtisaslı bələdçilərin müşayiəti altında yüksək dağlıq ərazilərə daxil olması və hərəkət etməsi isə vacib məsələlərdəndir. Buna görə də bələdçilərimiz ildə bir dəfə akkreditasiyadan keçir və onlara 1 illik şəhadətnamələr verilir. Qrupun hər hansı idman növü üzrə hazırlıq səviyyəsindən asılı olmayaraq, milli parkların ərazisində xüsusi qaydada akkreditasiyadan keçmiş bələdçilərin müşayiəti altında hərəkət etməsi vacib şərtlərdəndir. Öz növbəsində bələdçilərin hər hansı idman növü üzrə hazırlıq səviyyəsinə görə deyil, kompleks biliklərə və bacarığa malik olan, xüsusi mühafizə olunan təbiət əraziləri barədə bilikləri olan, həmçinin ekstremal şəraitdə fəaliyyət göstərmək bacarığı olan şəxslər sırasından seçilməsi tələb olunur. Bununla bağlı milli parkların yüksək dağlıq ərazilərinə səfər etmək istəyən ekoturistlərin təhlükəsizliyinin təmin olunması və onların ixtisaslı bələdçilərlə təmin edilməsi məqsədilə nazirliyin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentində müvafiq Akkreditasiya Komissiyası yaradılıb. Bununla yanaşı, Milli parkın öz çevik qrupu da var. Hər hansı bir ciddi problem olarsa, Fövqəladə Hallar Nazirliyi ilə də əməkdaşlıq edirik.

Eyni zamanda, yürüş iştirakçılarından Şahdağ Milli Parkının ərazisində olarkən Milli Parkın daxili davranış və təhlükəsizlik qaydalarına əməl etməsi, yürüşün sonunda əraziyə atılan bərk və məişət tullantılarının yığışdırılması, yalnız əvvəlcədən müəyyən olunmuş yerlərdə düşərgələrin salınması tələb olunur.

- Milli parkın ərazilərinin təmizliyini qorumaq üçün nə kimi addımlar atırsınız?

- Yayda gələn turistlərin sayı daha çox olur, çünki bu mövsüm piknik vaxtıdır. Dağlara idmançılar və xarici vətəndaşlar daha çox meyil edirlər. Dağçı kimi ayda 200-300 turist gəlir. Onlar arasında 20-35 arasındakı insanlar çoxluq təşkil edir. Əsasən də gənclər bura maraq göstərirlər. Parkdakı marşrutlar kateqoriyalara bölünür. Ən çox müraciət olunan marşrut növü 1B-dir. Bu, ən sadə növdür. 5B yüksək dərəcəli marşrutları isə tətbiq etmirik. Onu da qeyd edim ki, qar və daş uçqunları, eləcə də heyvanların balalama vaxtı parkın ərazilərini turizmə müəyyən müddətlik bağlayırıq. Dağlara səfər müddəti üç gün nəzərdə tutulub. Bu da bizə imkan verir ki, təbiətə çox yük olunmasın. Çünki səfər müddəti uzun olarsa, ərazilərin çirklənməsi daha çox müşahidə olunar. Buna baxmayaraq, parka gələn turistlərin hər birinə pulsuz zibil torbaları paylanılır və mütəmadi olaraq ərazidə iməciliklər keçirilir. Bir faktı da xüsusi vurğulamaq istərdim ki, əraziyə ən çox zibil tökənlər məhz qadınlardır.

- “Şahdağ” Qış-Yay Turizm Kompleksi Milli Parkın ərazisinə gələnlərin sayını azaltmayıb ki?

- Kompleksdə inşaatın yalnız müəyyən hissəsi həyata keçirilib. Oradakı gənc mütəxəssislərlə sıx əməkdaşlıq edirik. Çünki kompleks demək olar ki, yayda fəaliyyətsiz qalır. Yayda təbiət turizminə meyil edən turistlər ora da maraq göstərmiş olacaqlar. Bunu nəzərə alaraq Milli Park olaraq komplekslə əməkdaşlıq edirik. Lakin yenə də yaxşı menecerlərə ehtiyac var.

- Şahdağ Milli Parkının ərazisində ən çox müşahidə olunan qanun pozuntuları nələrdir və onların qarşısı necə alınır?

- Parkın ərazilərində ən çox rast gəlinən qanun pozuntusu qanunsuz ağac kəsilməsi faktlarıdır. Çünki parkın ərazisinə yaxın və ətrafda yaşayış yerləri çoxdur. Eyni zamanda, ərazidə qanunsuz ovetmə hallarına da rast gəlinir. Eyni zamanda, bir qrup şəxslər dağlara çıxıb oranı öz məkrli planlarına alət etməsi hallarına da rast gəlinir və Şahdağ Milli Parkı bu planların qarşısını almaq üçün ciddi tədbirlər həyata keçirir. Müfəttişlər tərəfindən nöqsanlar aşkar edilir və İnzibati Xətalar Məcəlləsinə görə cərimə tərtib olunur. Həmin cərimələr hesabına Milli Parkın ərazisi daha da abadlaşdırılır. Milli Parkın daxili davranış qaydalarını pozan şəxslərə gəldikdə isə onların adları “Qara siyahı”ya salınır. Bu şəxslərin gələcəkdə Milli Park ərazilərinə daxil olması məhdudlaşdırılır.

Son xəbərlər

Orphus sistemi