İnstitut direktoru: "Kürün ekosisteminin məhv olma təhlükəsi yaranıb"

İnstitut direktoru: "Kürün ekosisteminin məhv olma təhlükəsi yaranıb" Abşeron yarımadası istisna olmaqla bütün ölkə ərazisində yağıntının miqdarı 10-15% azal
Ekologiya
209
18 Fevral , 2021 21:10
İnstitut direktoru: Kürün ekosisteminin məhv olma təhlükəsi yaranıb

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov AMEA-nın Geologiya və Geofizika İnstitutunda “Qlobal iqlim dəyişmələri planetimizin əsas çağırışı kimi, onların Azərbaycan ərazisində təzahürləri” mövzusunda keçirilən ümumrespublika elmi seminarında məruzə ilə çıxış edib.

Coğrafiya İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsindən “Report”a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Geologiya və Geofizika İnstitutun direktoru, akademik Akif Əlizadə son illərdə dünya miqyasında müşahidə olunan iqlim dəyişmələrinin təzahürlərinin Azərbaycandan da yan keçmədiyini bildirib, bu istiqamətdə ölkə alimlərinin apardıqları tədqiqat işlərini xatırladıb, tədqiqat işləri arasında akademik Ramiz Məmmədovun tədqiqatlarının xüsusilə seçildiyini qeyd edib və məruzə üçün sözü ona verib.

Akademik “Qlobal iqlim dəyişmələri - planetimizin əsas çağırışı, Azərbaycan ərazisində təzahürləri” mövzusunda etdiyi məruzədə Azərbaycan ərazisində iqlim tədqiqatlarını, iqlim dəyişmələrinin nəzəri əsaslarını, proqnoz modellərini, Dövlətlərarası Ekspertlər Qrupunun təklif etdiyi model və ssenarilər əsasında Azərbaycan üçün alınmış nəticələri, Azərbaycan ərazisində müşahidə olunan iqlim parametrləri (havanın temperaturu, yağıntılar, buxarlanma, küləklərin istiqaməti və surəti, günəş radiasiya və s.) haqqında məlumatları, iqlim dəyişmələrinin Azərbaycan ərazisində insan sağlamlığına və kənd təsərrüfatına, eləcə də Xəzər dənizinin səviyyəsinə təsirini araşdırılıb.

Öncə iqlimin nə olduğunu açıqlayan məruzəçi onun atmosfer-quru-okean sisteminin statistik ansamblının bir neçə on il üçün ortalaşmış vəziyyəti olduğunu, mütəxəssislərin axırıncı razılaşmasına görə iqlim dedikdə atmosfer parametrlərinin (temperatura, yağıntı və s.) son 30 il üçün ortalaşmış qiymətlərinin nəzərdə tutulduğunu, iqlim dəyişməsinin Yerin bütün geosferlərinin bir-biri və kosmosla qarşılıqlı təsirinin inteqral əksi olduğunu diqqətə çatdırıb, İqlimin Dəyişməsi üzrə Hökumətlərası Ekspertlər Qrupunun aldığı son nəticələrə görə iqlimin qızmasının Yer planeti üçün hansı təhlükələr yarada biləcəyini xüsusi vurğulayıb.

Coğrafiya İnstitutunda iqlim dəyişmələri üzrə aparılmış tədqiqatların xülasə və nəticələrinin araşdırıldığını bildirən müəssisə rəhbəri göstərib ki, bütün ölkə ərazisi üçün temperatur artmasının orta qiyməti planet üzrə orta qiymətə yaxındır (1,0 °C). Bu artmalar ərazi boyunca bərabər paylanmayıb (0,2-dən 1,5 °С-dək) və buna səbəb Azərbaycanın dağlıq ölkəsi olması, nisbətən kiçik ərazidə oroqrafiyanın -28,0-dan 4466 metrə qədər dəyişməsi, nəticədə ölkə ərazisində 8 müxtəlif iqlim zonasının yaranmasıdır. Bütün müşahidə dövründə temperatur artımı Kür-Araz düzənliyində (0,4-0,9 °С), Qazax-Gəncə zonasında (0,6-1,1 °С), Böyük Qafqazın Cənub yamacında (0,5-0,8 °С), Kiçik Qafqazın şimal-şərq (0,6-1,5 °С) və şimal (0,4-0,6 °С) yamaclarında müşahidə olunmudur. Abşeron yarımadası istisna olmaqla bütün ölkə ərazisində yağıntının miqdarı 10-15% azalıb.

R.Məmmədov bildirib ki, ümumilikdə götürdükdə respublika ərazisində ekstremal hidrometeoroloji hadisələrin sayı çoxalıb, ən böhran vəziyyət Kür çayında müşahidə olunub, çayın su sərfi ekoloji minimuma yaxınlaşıb, çay ekosisteminin məhv olma təhlükəsi yaranıb.

İqlim dəyişmələrinin Xəzər dənizinə təsiri ayrıca araşdırılıb, günəş fəallığı ilə dənizin səviyyəsinin dəyişməsi arasındakı səbəb-nəticə əlaqələri tədqiq olunmuş və bu əsasda səviyyə dəyişmələrinin uzunmüddətli proqnozu verilib, yaxın gələcəkdə səviyyənin kəskin dəyişmə ehtimalının çox az olacağı proqnozlaşdırılıb.

Məruzənin sonunda akademik iqlimin istiləşməsinin Azərbaycan Respublikası əhalisinin sağlamlığına təsirinə dair aparılmış tədqiqiatların nəticələrini təqdim edib.

Son xəbərlər

Orphus sistemi