​Bu il 90 min əhali sutəmizləyici qurğularla təmin olunub

​Bu il 90 min əhali sutəmizləyici qurğularla təmin olunub 530 min insan çaylar boyu yerləşən kəndlərdə artıq bu qurğulardan istifadə edir
Ekologiya
14 İyul , 2015 02:02
​Bu il 90 min əhali sutəmizləyici qurğularla təmin olunub

Bakı. 14 İyul. REPORT.AZ/ "İçməli su-kanalizasiya layihələri bir çox rayonlarda artıq başa çatıb. Ancaq hələ ki, görüləsi işlər çoxdur. Bu məqsədlə bu il İnvestisiya Proqramında kifayət qədər böyük vəsait nəzərdə tutulub. Ancaq hesab edirəm ki, ilin sonuna qədər əlavə vəsait ayrılmalıdır. Müvafiq göstərişlər verilib, həm Bakıda, həm də digər şəhər və rayonlarımızda bu işlər aparılmalıdır".

"Report"un məlumatına görə, bu sözləri prezident İlham Əliyev iyulun 13-də Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Onun sözlərinə görə, son illər ərzində görülən tədbirlər nəticəsində Bakıda içməli su ilə dayanıqlı, yəni, fasiləsiz təminat əhalinin 78 faizini əhatə edir:

"Əlbəttə, əvvəlki dövrlə müqayisə etsək, bu, yaxşı göstəricidir. Ancaq bu göstərici bizi heç cür qane edə bilməz. Bakı kimi gözəl, müasir şəhərdə 100 faiz təminat olmalıdır, 24 saat içməli su olmalıdır. Bu, çox ağır məsələdir, çünki burada həm böyük investisiyalar olmalıdır, həm də texniki məsələlər kifayət qədər mürəkkəbdir. Əlbəttə, investisiyalar ayrılır, texniki məsələlər də öz həllini tapır və çalışmalıyıq ki, biz Bakını içməli su ilə tam şəkildə təmin edək. Bütün bölgələr üzrə hər bir rayon üçün xüsusi layihə var. Dediyim kimi, bir çox rayonlarda başa çatıb, bəzi yerlərdə davam edir, yaxud da ki, hazırlıq işləri aparılır".

İlham Əliyev bildirib ki, içməli su ilə təminat əlbəttə ki, ilk növbədə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin üzərinə düşür, ancaq bununla bərabər, digər qurumlar da bu işlərlə məşğuldurlar.

"Ekologiya və Təbii Sərvətlər Nazirliyi sutəmizləyici qurğuları quraşdırır. Məndə olan məlumata görə, bu il 90 min əhali təmin olunub, 48 məntəqədə qurğular quraşdırılıb, proqramın əvvəlindən isə 530 min insan çaylar boyu yerləşən kəndlərdə artıq bu qurğulardan istifadə edir. Bu proses davam etdirilməlidir. “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə subartezian quyularının qazılması davam edir. Hər il Prezidentin Ehtiyat Fondundan xüsusi vəsait ayrılır, bu barədə sərəncam mətbuatda dərc edilir və o sərəncamda həm kənd əhalisinin bunu bilməsi, eyni zamanda, nəzarət üçün bütün kəndlərin adları göstərilir. Bu il kəndlərdə 300 quyu qazılmalıdır. Onlardan 170-i artıq qazılıbdır və bu proqram artıq 630 min insanı əhatə edir. Beləliklə, “Azərsu” ilə bərabər, ekologiya və meliorasiya qurumları 1 milyon 160 min insanı təmiz içməli su ilə təmin ediblər. Bu, çox ciddi sosial məsələdir. İlk növbədə, sosial məsələdir, yəni buna ayrılan vəsait heç vaxt dövlət büdcəsinə qayıtmayacaq. Çünki bizdə suyun qiyməti çox aşağıdır. Ancaq biz bunu insanların sağlamlığı, normal yaşaması üçün edirik və etməliyik", - deyə prezident əlavə edib.

Onun sözlərinə görə, suvarma ilə bağlı layihələrin artıq böyük hissəsi başa çatıb:

"Şəmkirçay, Taxtakörpü su anbarları tikilib istifadəyə verilib. Bu, böyük tarixi nailiyyətimizdir. Hazırda yeni kanalların tikintisi gedir və bu məqsədlər üçün də ilin sonuna qədər büdcədən əlavə vəsait ayrılmalıdır. Xüsusilə, Şəmkirçay dəryaçasından əkin sahələrinə gedən kanallar sürətlə tikilməlidir ki, biz bu infrastrukturdan maksimum dərəcədə istifadə edək.

Xızı rayonunda artıq kanallar tikilir. Taxtakörpüdən qidalanan torpaq sahələri müəyyən edilib və minlərlə hektar torpaq sahəsi bu il artıq suvarılacaq və oradan biz yaxşı məhsul gözləyirik. Beləliklə, ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün çox önəmli addımlar atılmış olur.

Bu il Tovuzçay su anbarının tikintisi başa çatıb. Bu da çox önəmli layihədir. İyirmi min hektar torpaqda suvarma yaxşılaşdırılacaq və 300 hektarda yeni torpaq sahələri suvarılacaqdır.

Əlbəttə ki, bunlar bilavasitə kənd təsərrüfatı ilə bağlı olan işlərdir. Giriş sözümdə qeyd etdiyim kimi, kənd təsərrüfatının inkişafı bizim üçün prioritetdir. Kənd təsərrüfatında 7,3 faiz artım olub və hesab edirəm ki, biz bu yüksək tempi saxlamalıyıq".

Bütün lazımi tədbirlərin görüldüyünü – struktur islahatlarının aparıldığını, müvafiq sərəncamların imzalandığını bildirən dövlət başçısı potensialdan maksimum dərəcədə istifadə edilməli olduğunu və əhalinin 100 faiz səviyyəsində ərzaq məhsulları ilə dövlət tərəfindən təmin edilməli olduğunu diqqətə çatdırıb.

"Biz buna yaxınlaşırıq. Hər il "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasını müzakirə edərək bu barədə xüsusi danışırıq. Bununla bərabər, biz ixrac bazarlarına çıxışı da əldə edirik. Çünki dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, əgər bizdə ixrac bazarlarına böyük çıxışlar olmasa, gələcəkdə bu, kənd təsərrüfatının inkişafını məhdudlaşdıra bilər. Çünki biz öz daxili tələbatımızı ödəyəndən sonra əgər ixrac bazarlarına çıxmasaq artıq məhsul istehsal edə bilməyəcəyik. İxrac bazarlarına çıxmaq üçün ilk növbədə məhsul rəqabətqabiliyyətli olmalıdır. Digər tərəfdən, o bazarlarda bizim logistik imkanlarımız olmalıdır. Eyni zamanda, onu da qeyd etməliyəm, dost ölkələrlə əlaqələr yüksək səviyyədə olmalıdır. Çünki indi ölkələr öz daxili bazarlarını qoruyur və demək olar ki, inkişafda olan ölkələr daxili istehsalla ciddi məşğuldurlar. Bu da təbiidir. Necə ki, biz məşğuluq, başqaları da məşğuldur. Ona görə, gələcəkdə bazarlara çıxış problemi əsas problem ola bilər. Biz buna hazır olmalıyıq", - deyə İlham Əliyev bildirib.

Son xəbərlər

Orphus sistemi