Umayra Tağıyeva: "Bu ay havanın temperaturu normadan bir qədər yüksək olacaq"

Umayra Tağıyeva: "Bu ay havanın temperaturu normadan bir qədər yüksək olacaq" Son onillikdə may ayında havanın orta aylıq temperaturu iqlim normasından 0.5- 3.2 dərəcəyədək yüksək olub
Ekologiya
1 İyun , 2021 12:08
Umayra Tağıyeva: Bu ay havanın temperaturu normadan bir qədər yüksək olacaq

"Son onillikdə may ayında havanın orta aylıq temperaturu iqlim normasından 0.5- 3.2 dərəcəyədək yüksək olub. Bu ilin may ayında Bakıda havanın orta aylıq temperaturu 21.2 dərəcəyə yaxın, yəni normadan 3.2 dərəcə yüksək olub".

"Report" xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, Bakıda ən yüksək temperatur 2007-ci ilin mayın 29-da 35.5 dərəcə qeydə alınıb: “2021-ci ilin may ayında Mərkəzi-Aran rayonlarında havanın temperaturu 32-37, dağlarda 22-26, Naxçıvan MR-da 32-37, Bakıda 34.1 dərəcə isti olub. Ay ərzində düşən yağıntının miqdarı ölkə üzrə qeyri-bərabər paylanaraq bəzi rayonlarda aylıq normadan bir qədər çox olub. Məsələn, Tərtərdə aylıq normanın 183, Qəbələdə 144, Cəfərxanda 133, Balakəndə və Hacıqabulda 123, Bakıda və Abşeron yarımadasında 119, Şəkidə 118, Gəncədə 108, Kiçik Qafqazda 76, Lənkəran-Astara zonasında 53-93 faizini təşkil edib”.

Xidmət rəsmisi bildirib ki, yayın birinci ayı olan iyun ayı ilin ən uzun günləri ilə fərqlənir: “İyun ayı ərzində temperaturun tədricən yüksəlməsi müşahidə olunur. Son 30 illik məlumatların təhlili göstərir ki, birinci ongünlüyün ikinci yarısında temperatur qeyri-bərabər paylansa da, ayın 10-dan sonra mütləq maksimum temperatur xeyli artır. Ən isti iyun ayı 1998 və 2010-cu illərdə olub. Ən isti hava isə 2020-cı ilin iyunun 3-də Bakıda qeydə alınıb. Həmin gün havanın temperaturu 40,4 dərəcə təşkil edib. İyun ayında ən sərin hava isə 1996-cı ilin iyunun 2-də Bakıda qeydə alınıb. Həmin gün havanın temperaturu 8.1 dərəcə olub”.

U.Tağıyeva bildirib ki, bu il iyun ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir: "Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimal olunur. Birinci ongünlüyün ilk günlərində ölkə ərazisində hava şəraitinin nisbətən sabit keçəcəyi, lakin bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək”.

Son xəbərlər

Orphus sistemi