Direktor: "Brakonyerlik balıq ehtiyatlarının sürətlə tükənməsinə, bəzi nadir növlərin nəslinin kəsilməsinə şərait yaradır"

Ekologiya
  • 14 may, 2019
  • 11:17
Direktor: Brakonyerlik balıq ehtiyatlarının sürətlə tükənməsinə, bəzi nadir növlərin nəslinin kəsilməsinə şərait yaradır

"Azərbaycanda balıq ovu qanunvericiliklə tənzimlənir. İdman və həvəskar balıq ovu insanların şəxsi ehtiyacları, istirahəti üçündür və bu məqsədlə su hövzələrində sərbəst ov edilə bilər, bunun üçün balıqovlama biletinin alınması tələb olunmur".

"Report" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Su Hövzələrinin Bioloji Resurslarının Artırılması və Mühafizəsi Departamentinin direktoru Mehman Axundov deyib.

Onun sözlərinə görə, qanunvericiliyə əsasən, sənaye məqsədləri ilə balıq ovu ödənişlidir və bunun üçün balıqovlama biletlərinin alınması mütləqdir: "Balıqovlama biletlərini ETSN verir və elektron qaydada almaq mümkündür. Balıqovlama bileti alan şəxslər hər ilin I yarısında (iyulun 10-na kimi) və ilin sonunda (növbəti ilin yanvar ayının 10-na kimi) ovladığı balıq və digər su bioresurslarının növü və çəkisi barədə Nazirliyə yarımillik və illik hesabatları təqdim etməlidir".

O qeyd edib ki, bu il Nazirlik tərəfindən 7 hüquqi və 80 fiziki şəxsə sənaye məqsədləri ilə kvotalar ayrılaraq balıqovlama biletləri verilib: "Lakin sənaye məqsədləri ilə balıqovlama biletinin alınması o demək deyil ki, bununla il boyu, hər yerdə və qadağan olunmuş vasitələrlə ov etmək olar. İlk növbədə, ayrılmış kvotaya, yəni göstərilmiş balıq növü və müəyyən edilmiş çəki şərtlərinə əməl edilməlidir. İkincisi, qadağan olunmuş vaxtlarda və qadağan olunmuş yerlərdə ov edilməsi qaydalara ziddir. Bu da o deməkdir ki, Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, su hövzələrindən asılı olaraq hər ilin aprel və may aylarının 1-dən balıqların çoxalma dövrü, yəni kürü tökmə dövrü olduğundan onların ovlanması sentyabrın 1-dək qadağan edilir".

Mehman Axundov xatırladıb ki, xüsusi mühafizə olunan təbiət ərazilərində, o cümlədən qoruqların, milli parkların, ümumiyyətlə, sənaye balıq ovuna icazə verilmir: "Ən əsası isə balıq ovunda qanunla qadağan olunmuş ov alətlərindən istifadə yolverilməzdir.

Təəssüf ki, bu hallara hələ də rast gəlinir və bu da ölkədə balıq ehtiyatlarının sürətlə tükənməsinə, bəzi nadir növlərin nəslinin kəsilməsinə şərait yaradır. Bütün balıqçılara müraciət edirik, qaydalardan kənar ov edilməsinə son qoysunlar, balıq ehtiyatlarının kökünün kəsilməsinə səbəb olmasınlar. Bu qaydalara əməl etməyənlərə qarşı qanunvericiliyə uyğun sərt və ciddi tədbirlər görülür".