Bakı. 29 dekabr. REPORT.AZ/ “Ətraf mühit üzrə laboratoriya xidmətlərinin göstərilməsi” layihəsinin icrası ilə əlaqədar SOCAR-ın Ekologiya İdarəsi ilə BP şirkətinin Qanunvericilik üzrə tələblərin yerinə yetirilməsi və Ətraf mühit Departamenti arasında mütəmadi olaraq görüşlər keçirilir və müvafiq müqavilənin inkişafı üzrə gələcək addımlar müzakirə olunur.
“Report”un ARDNŞ-nin saytına istinadən verdiyi xəbərə görə, artıq Kompleks Tədqiqatlar Laboratoriyasına (KTL) BP tərəfindən daxil olmuş nümunələrin analizi üçün hazırlıq işlərinə başlanılıb. Gələcəkdə nümunələr hissə-hissə KTL-ə göndəriləcək, aparılan analizlərin nəticələri barədə Ekologiya İdarəsi tərəfindən BP şirkətinə məlumatlar təqdim olunacaq.
Qeyd edək ki, Ekologiya İdarəsi BP şirkəti tərəfindən 30 may 2013-cü ildə elan olunan “Ətraf mühit üzrə laboratoriya xidmətlərinin göstərilməsi” barədə tender sorğusu üzrə qalib seçilib və tərəflər arasında xidmətlərin göstərilməsinə dair 02.10.2014-cü il tarixli Baş Saziş imzalanıb.