Böyükşor gölü daha bir ilk yaşayıb

Böyükşor gölü daha bir ilk yaşayıb Gölə qu quşları, vəhşi qazlar və digər köçəri quşlar qonublar
Ekologiya
6 Dekabr , 2014 17:04
Böyükşor gölü daha bir ilk yaşayıb

Bakı. 6 dekabr. REPORT.AZ/ Böyükşor gölünün ərazisinə tarixində ilk dəfə qu quşları, vəhşi qazlar və digər köçəri quşlar qonublar. Bu barədə "Report"a İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev məlumat verib.

O deyib ki, quşların gölün ərazisində olmaları Böyükşor gölünün su hövzəsi və gölün sahilinin müxtəlif tullantılardan təmizlənməsinin nəticəsidir.

A.Əliyevin sözlərinə görə, mövsüm quşları kimi tanınan qu quşları, vəhşi qazlar əsasən ərəb ölkələrinə maraq göstərirlər: "Köçəri quşlar adətən təmizliyi sevirlər. Görünən odur ki, Böyükşor gölündə aparılan ekoloji təmizləmə işləri bu ilkə səbəb olub. Burada söhbət suyun təmizliyindən gedir. Bildiyimiz kimi, həmin gölə bu günə qədər təmizkarlığı bu qədər sevən quşlar qonmayıb. Çünki həmin göl qədimdən fəlakət zonası olub. Neft buruqlarından axan çirkab suların böyük hissəsi məhz bu gölə axıdılıb. Odur ki, dövlət başçısının 2014-cü il 17 yanvar tarixli sərəncamı ilə təsdiq edilmiş "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na və "Böyükşor gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafizəsi və istifadəsi sahəsində əlavə tədbirlər haqqında" fərmanına uyğun olaraq həmin göldə təmizlənmə işləri aparılır. Gələn il Bakıda keçiriləcək I Avropa Oyunlarına qədər təmizlənmə işlərinin birinci mərhələsi tam yekunlaşacaq".

Son xəbərlər

Orphus sistemi